...

Xırdabuynuzlu heyvanlarda mart ayında peyvəndləmə aparılacaq (FOTO)

İqtisadiyyat Materials 15 Fevral 2019 13:59 (UTC +04:00)

Bakı. Trend:

2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Hazırda Xocavənd Rayon Baytarlıq İdarəsinin 4 sahə baytarlıq məntəqəsi tərəfindən aparılan tədbirlər çərçivəsində xocavəndlilərə məxsus ayrı-ayrı şəxsi təsərrüfatlarda 1532 baş iribuynuzlu, 58 baş təkdırnaqlı heyvanda qarayara, 215 baş qapı itində isə quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbiri aparılıb və 260 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.

Fevral ayının 10-dan isə bütün ölkədə olduğu kimi, Xocavənd rayonundan köçkün salınan əhaliyə məxsus iribuynuzlu heyvanlar arasında da dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 770 baş iribuynuzlu heyvanda dabaq xəstəliyinə (dabaq xəstəliyinin A,O,”Asiya”-1 tipinə əleyhinə) qarşı polivalent vaksinlə peyvəndləmə aparılıb. Xırdabuynuzlu heyvanlarda isə bu tədbirin mart ayında aparılması nəzərdə tutulur.

Qeyd edək ki, dabaq xəstəliyi də digər iti yoluxucu xəstəliklər kimi, "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na daxil edilib.

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də maariflənmə işi apararaq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.

Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra xocavəndlilərə məxsus ev quşları arasında nyukasl, nodulyar dermatit, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndlənmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epedidimit xəstəliklərini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan, ana qoyun və keçilərdən qan nümunələrinin götürülməsi, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti