...

Zaqatalada fermerlərə təlim keçirilib

İqtisadiyyat Materials 19 Aprel 2019 13:18 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizlik İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən Zaqatala rayonunda fermerlərə, torpaq mülkiyyətçilərinə və sahibkarlara fitosanitariya və baytarlıq sahəsində maarifləndirici təlim keçirilib.

AQTA-dan Trend-ə verilən məlumata görə, təlimdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonundan olan fermerlər də iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müşaviri Camal Quliyev qeyd edib ki, məqsəd respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, bitkiçilikdə zərərli orqanizmlərlə mübarizənin elmi əsaslarla təşkil edilməsi, pestisidlərdən və kimyəvi dərmanlardan kortəbii istifadə zamanı bitki aləminə, ətraf mühitə və insan sağlamlığına vurulan ziyanın qarşısının alınmasıdır. Eyni zamanda heyvandarlıq təsərrüfatlarında biotəhlükəsizlik tədbirlərinin artırılması hesabına infeksion xəstəliklərin yayılmasının qarşısının alınması təlimin əsas mövzularından biri olub.

Təlimdə aqrar təsərrüfata yeni təhlükə-qəhvəyi mərmər taxtabiti, yovşanyarpaqlı ambroziya- zərəri, monitorinqi və mübarizə tədbirləri, pestisidlərlə işləyərkən təhlükəsizlik və şəxsi gigiyena qaydaları ilə bağlı iştirakçılara məlumat verilib. Həmçinin iştirakçılara heyvandarlıq təsərrüfatlarında biotəhlükəsizlik, infeksion xəstəliklərə qarşı ümumi baytarlıq profilaktika tədbirləri, kənd təsərrüfatı heyvanlarının yem rasionları normaları və onların tətbiqi üsulları ilə bağlı təqdimat edilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, onlara fitosanitariya və baytarlıq sahəsinə dair təlimat və bukletlər paylanılıb.

Tədbir rayonun bitkiçilik və heyvandarlıq sahələrinə aid istehsal yerlərində praktiki təlimlərlə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti