...

Sahibkarlara xidmət sahəsində unikal model (FOTO)

İqtisadiyyat Materials 14 Fevral 2020 17:27 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın rolunun artırılması, xüsusilə kiçik və orta biznesin (KOB) əsas hərəkətverici amilə çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindəndir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı bir daha kiçik və orta sahibkarlığın inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayaraq, bu istiqamətdə öz tapşırıqlarını verib.

Fevralın 7-də Xaçmaz şəhərində Kiçik və Orta Biznes evinin (Xaçmaz KOB evi) fəaliyyətə başlaması KOB-lara göstərilən dövlət dəstəyi tədbirlərinin davamı olmaqla, sahibkarlar üçün dövlət xidmətlərinin yaxşılaşdırılması, xidmətlərə vahid məkanda, rahat, maneəsiz və şəffaf çıxışın təmin olunması baxımından əlverişli platformadır. Xaçmaz KOB evinin fəaliyyəti və burada sahibkarlara göstərilən xidmətlər, eləcə də KOB-lara dəstək məqsədilə nəzərdə tutulan yeni mexanizmlər barədə suallarımızı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov cavablandırıb.

- Orxan müəllim, KOB evlərinin təyinatı və sahibkarlara faydası barədə məlumat verməyinizi xahiş edirik.

- KOB evi biznes subyektləri üçün operativlik, nəzakətlilik və rahatlıq prinsiplərinə uyğun, müasir innovasiyalara əsaslanan dövlət-biznes (“G2B”) və zəruri biznes-biznes (“B2B”) xidmətlərinin göstərildiyi vahid məkandır. Vahid məkan (“non stop shop”) prinsipi isə tətbiq olunduğu bütün sektorlarda, o cümlədən sahibkarlıq sahəsində xidmət keyfiyyətinin yaxşılaşdırılması, vaxta və xərclərə qənaət, operativlik və məmnunluq deməkdir. Qabaqcıl ölkələrin təcrübəsi də göstərir ki, kiçik və orta sahibkarlara xidmətlərin bir məkanda təqdim olunması müsbət nəticələr verir. KOB evlərinin əsas üstünlüyü KOB-ların sərf etdiyi vaxt və əməliyyat xərclərinin azalması, xidmətlərin şəffaf və operativ təşkili, “G2B” və “B2B” xidmətlərin bir məkanda göstərilməsi, eləcə də KOB-lara göstərilən xidmət səviyyəsinin ölçülə bilən olmasıdır. Bütün bunlar isə sahibkar məmnunluğuna və əlverişli biznes ekosisteminin formalaşmasına şərait yaradır, sahibkarlar daha çox öz bizneslərini inkişaf etdirməyə fokuslanır.

- KOB evinin Xaçmaz şəhərində açılması nə ilə bağlıdır?

- İlk KOB evinin Xaçmaz şəhərində, Quba-Xaçmaz iqtisadi rayonunda yaradılması təsadüfi deyil. Ümumiyyətlə, bu iqtisadi rayon özünün iqtisadi fəallığı, böyük iqtisadi potensialı ilə seçilir, turizm rayonu kimi tanınır. Meyvə-tərəvəz istehsalı üzrə ixtisaslaşmış Quba-Xaçmaz regionu Rusiya ilə həmsərhəd bölgədə yerləşdiyi üçün burada aktiv şəkildə idxal-ixrac əməliyyatları aparılır. Həmçinin, burada xeyli sayda KOB subyektləri fəaliyyət göstərir. Belə ki, iqtisadi rayonda 3500-dən çox mikro, 182 kiçik, 70 orta, habelə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan 53 minə yaxın sahibkarlıq subyekti qeydiyyatdan keçib.

Eyni zamanda Xaçmaz KOB evi təsis edilməzdən əvvəl bu mərkəzə olan ehtiyac barədə bölgədə fəaliyyət göstərən ixracatçı şirkətlər arasında sorğu keçirilib. Sorğu iştirakçılarının 56%-i ixrac əməliyyatlarının rəsmiləşdirilməsi zamanı vaxt, 6%-i isə əməliyyat xərclərinə görə itki ilə üzləşdiklərini qeyd edib. İxrac əməliyyatları zamanı respondentlərin 24%-i logistika xidmətləri, 14%-i sənədləşmə, 10%-i xərclərin çoxluğu, 8%-i bürokratik əngəllər, 44%-i isə digər çətinliklərlə üzləşdiklərini bildiriblər. Xaçmaz KOB evinin fəaliyyətindən gözləntilərə gəlincə, sorğu iştirakçılarının 88%-i xidmətlərin bir məkanda həyata keçirilməsi, 32%-i operativlik, 18%-i şəffaflıq, 6%-i nəzakətli davranış gözləntisində olduğunu qeyd edib.

Ümumiyyətlə, Xaçmaz KOB evi əsasən ixrac əməliyyatları üzrə ixtisaslaşıb və bu istiqamətdə sahibkarlara hər cür dövlət və zəruri biznes xidmətləri göstərilir.

Hesab edirik ki, KOB evi Xaçmazda və ətraf rayonlarda sahibkarların işini asanlaşdırmaqla yanaşı, regionda kiçik və orta biznesin inkişafını, yeni KOB subyektlərinin yaranmasını stimullaşdıracaq, rayonun iqtisadi potensialının daha dolğun reallaşdırılmasında əhəmiyyətli olacaqdır.

- Xaçmaz KOB evində sahibkarlara hansı xidmətlər göstərilir?

- Dövlət başçısı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 26 iyun 2018-ci il tarixli Fərman ilə KOB evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı təsdiq edilib. Quba-Xaçmaz iqtisadi rayonu əsasən kənd təsərrüfatı məhsullarının ixracı üzrə ixtisaslaşdığı üçün burada əsasən sahibkarlara bu istiqamətdə xidmətlər təqdim edilir.

Hazırda Xaçmaz KOB evində sahibkarlara 4 biznes prosesi üzrə 300-ə yaxın xidmət göstərilir ki, bunun 200-ə yaxını dövlət, 100-ə qədəri isə biznes subyektlərinin göstərdiyi xidmətlərdir. Burada biznesin planlaşdırılması prosesi üzrə sahibkarlara biznes planların hazırlanması, startaplarla iş, biznes biliklərinin artırılması, inkubasiya və s. xidmətlər təqdim olunur. Biznesə başlanılması mərhələsində Xaçmaz KOB evində sahibkarların qeydiyyatı, onlara lisenziya və icazələrin verilməsi, bank-sığorta və digər xidmətlər göstərilir. Biznesin işlədilməsi mərhələsində sahibkarlara vergi və digər hesabatların verilməsi, idxal-ixrac əməliyyatları, logistika və infrastruktur şəbəkələrinə çıxış və s. xidmətlər təqdim edilir. Biznesin inkişaf etdirilməsi mərhələsində isə KOB-lara daxili və xarici bazarlara, ixracın və investisiyaların təşviqi, maliyyə resurslarına çıxış və digər istiqamətlərdə xidmətlər göstərilir.

Xaçmaz KOB evində 25 xidmət pəncərəsi fəaliyyət göstərir ki, bunların 15-i dövlət orqanları tərəfindən təqdim edilən gömrük, vergi, əmlak, kommunal, qida təhlükəsizliyi, kənd təsərrüfatı, elektron ticarət, poçt, reklam, həmçinin mənşə sertifikatı, lisenziya və icazələrin verilməsi xidmətləri, 10-u isə özəl qurumlar tərəfindən göstərilən bank, lizinq, sığorta, broker, logistika, tərcümə, ştamp və möhür hazırlanması və digər xidmətlərdir. Burada xidməti ofislər, görüş və konfrans zalları da fəaliyyət göstərir. KOB evində həmçinin, müxtəlif bankların ATM-lərindən, ödəmə terminallarının xidmətlərindən də istifadə etmək mümkündür.

Gələcəkdə sahibkarlardan daxil olan müraciət və təkliflər nəzərə alınmaqla Xaçmaz KOB evində göstərilən dövlət və biznes xidmətlərinin sayı artırıla bilər.

- Xaçmaz KOB evində KOB İnkişaf Mərkəzi də fəaliyyətə başlayıb. Mərkəz sahibkarların biznes biliklərinin artırılması, ideyalarının reallaşdırılması üçün hansı xidmətlər göstərir?

- Xaçmaz KOB İnkişaf Mərkəzində innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların maarifləndirilməsi, təlimlərin, seminarların və təcrübə proqramlarının təşkili üzrə xidmətlər təqdim olunur. 2020-ci ildə KOB İnkişaf Mərkəzi tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda KOB subyektləri üçün 150-dən çox təlim və netvörkinq, müxtəlif məsləhət xidmətlərinin göstərilməsi, yeni KOB subyektlərinin yaradılması nəzərdə tutulur.

Yerigəlmişkən bu il Bakıda və ölkə regionlarında daha 3 KOB İnkişaf Mərkəzinin yaradılması planlaşdırılır.

Yaxın günlərdə KOB İnkişaf Mərkəzində gənclər və qadınlar üçün Biznes İnkubasiya Mərkəzi də fəaliyyətə başlayacaq. Biznes İnkubasiya Mərkəzi Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərinin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə yaradılır. Burada rezidentlərə biznes layihələrin hazırlanması, maliyyə resurslarına çıxış imkanları və maliyyənin idarə olunması, mentor və digər xidmətlər göstəriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən ötən ilin dekabr ayında inkubasiya iştirakçılarının seçilməsi məqsədilə müsabiqə elan edilib, istehsal və xidmət sahələri üzrə 35 rezident seçilib. Rezidentlər biznes inkubasiya mərkəzində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz edilmiş işçi otaqlarla təmin olunacaq və onlara mərkəzin xidmətlərindən hər cür faydalanmaq imkanı yaradılcaqdır.

Fürsətdən istifadə edərək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bütün mikro, kiçik və orta sahibkarları KOB evinin, eləcə də KOB İnkişaf Mərkəzinin və Biznes İnkubasiya Mərkəzinin xidmətlərindən aktiv yararlanmağa çağırıram.

- Fevralın 7-də Xaçmaz KOB evi istifadəyə verilməklə yanaşı, KOBİA-nın Müşahidə Şurasının iclası da keçirilib. İclasda Agentliyin 2019-cu ildəki fəaliyyəti və 2020-ci ildə görüləcək işlər Müşahidə Şurasının diqqətinə çatdırılıb.

- KOBİA tərəfindən 2019-cu ildə tənzimləmə, təşviq, maraqların müdafiəsi, maarifləndirmə və yeni dəstək mexazimlərinin yaradılması istiqamətində bir çox tədbirlər həyata keçirilib.

Bildiyiniz kimi Agentliyin başlıca fəaliyyət istiqamətlərindən biri mikro, kiçik və orta sahibkarlıq sahəsində həyata keçirilən tənzimləmə prosesində iştirakdır. Ötən il bu istiqamətdə 15 normativ sənəd layihəsi hazırlanıb ki, onlardan 7-si artıq təsdiq edilib. Bu sənədlər içərisində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiqlənmiş, KOB-lar üçün daxili bazar araşdırmalarının aparılmasına çəkilən xərclərin əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi mexanizmini xüsusilə vurğulamaq istərdim. Hesab edirik ki, bu mexanizm KOB-lar üçün biznesin təşviqi və onun planlaşdırılması mərhələsində əhəmiyyətli dəstəklərdəndir. Digər bir sənəd “Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri layihələrin əlaqələndirilməsi haqqında” Fərmandır. Sənəd sahibkarlığın dəstəklənməsi məqsədilə layihələrin səmərəli əlaqələndirilməsi baxımından əhəmiyyətlidir.

KOBİA-nın digər mühüm fəaliyyət istiqamətlərindən biri sahibkarlığın təşviqi və dəstəklənməsidir. 2019-cu ildə rəqabət qabiliyyətli istehsalın dəstəklənməsi məqsədilə daxili bazar araşdırmalarının aparılması üçün Agentliyə KOB subyektlərindən 16 müraciət daxil olub ki, bunların 8-i üzrə müsbət qərar qəbul edilib və maliyyələşdirilməsi istiqamətində işlər aparılmaqdadır. Həmçinin, satış bazarlarına çıxış və tanıtım məqsədilə KOB-ların ödənişsiz əsaslarla sərgilərdə iştirakına dəstək göstərilib. Ötən il sərgilərdə iştirakına dəstək göstərilmiş 150-dən çox sahibkarın əksəriyyəti xüsusi həssas kateqoriyaları, o cümlədən əlil, qadın və gənc sahibkarları əhatə edir.

Sahibkarlara xidmət infrastrukturu səviyyəsinin yüksəldilməsi KOBİA-nın digər fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə Agentlik tərəfindən ölkənin iri şəhər və rayonlarında KOB evləri yaradılır. Artıq qeyd etdiyimiz kimi ilk KOB evi Xaçmazda fəaliyyətə başlayıb. Hazırda daha çox dövlət və biznes xidmətlərinin göstəriləcəyi Bakı KOB evinin yaradılması istiqamətində işlər aparılır.

Agentliyin fəaliyyətinin qarşıya qoyulmuş tələblər səviyyəsində təşkili yeni idarəetmə modellərinin tətbiqi ilə müşayət edilməkdədir. Bu baxımdan, dövlət başçısının “Dövlət sahibkar üçün ən yaxşı tərəfdaşdır” strateji xəttinin reallaşmasına xidmət edən Kiçik və Orta Biznesin Dostu (“KOB Dostu”) şəbəkəsi yaradılıb, bu mexanizmin əhatə dairəsi və fəaliyyəti genişləndirilməkdədir. KOBİA-nın regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə sahibkar tələbləri əsasında, onlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Ötən il 10-u olmaqla, indiyədək 21 “KOB Dostu”nun fəaliyyəti təmin olunub. 2019-cu ildə “KOB Dostu” şəbəkəsi vasitəsilə 1600-ə yaxın müraciət və təklifə baxılıb, 14 ərazi vahidi üzrə sahibkarlarla 34 sahəvi görüş keçirilib.

KOBİA-ya daxil olmuş müraciətlər, habelə keçirilmiş sorğuların təhlili göstərir ki, KOB-ların bilik və bacarıqlarının artırılmasına və maarifləndirilməsinə ciddi ehtiyac vardır. Bu məqsədlə Agentlik tərəfindən müxtəlif platformalar vasitəsilə silsilə tədbirlər həyata keçirilir. Bunlardan biri də onlayn platforma üzərindən aidiyyəti dövlət qurumlarının iştirakı ilə dövlət-özəl dialoqunun yaradılmasıdır. Digər platformalar qismində müxtəlif və aktual mövzularda keçirilən təlim və seminarları, dəyirmi masaları və ixtisasartırma kurslarını qeyd etmək olar. Ümumlikdə ötən il Agentlik tərəfindən keçirilmiş 46 tədbir, o cümlədən 23 təlim, 9 onlayn maarifləndirmə tədbiri, 7 seminar və 7 dəyirmi masa üzrə 8 min sahibkarlıq subyekti ilə dialoq qurulub. 2019-cu ildə 39 sahibkarlıq subyekti Almaniyada ixtisasartırma kursu keçib.

Ötən il KOB maraqlarının müdafiəsi ilə bağlı Agentliyə 800-ə yaxın müraciət daxil olub. Bu müraciətlərin 30%-i müsbət həll olunub, 40%-nə isə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyyələr verilib.

Beynəlxalq təcrübənin öyrənilməsi, xarici analoji qurumlarla və beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığın qurulması məqsədilə KOBİA nümayəndələri ötən il 14 ölkəyə səfər edib, müvafiq təşkilatlarla əməkdaşlıq çərçivəsini müəyyən edən 7 anlaşma memorandumu, 4 niyyət protokolu imzalanıb.

Agentlik tərəfindən “Könüllülük Proqramı” həyata keçirilməkdədir və indiyədək könüllülük fəaliyyətinə cəlb olunmuş 100-dək gəncin 3-ü KOBİA-da olmaqla, 15-i işlə təmin edilib.

- KOB-lar üçün daha hansı dəstək mexanizmləri istifadəyə veriləcək, bu sahədə hansı yeniliklər gözlənilir?

- KOBİA 2020-ci ildə mikro, kiçik və orta sahibkarlara göstərilən çoxsaylı dövlət dəstəyi mexanizmlərinin daha da təkmilləşdirilməsi, bu mexanizmlər barədə KOB-ların məlumatlandırılması və onlardan daha çox istifadənin təşviqi üzərində fokuslanacaq. Eyni zamanda sahibkar ehtiyacları nəzərə alınmaqla KOB-lar üçün yeni dəstək mexanizmləri hazırlanaraq sahibkarların istifadəsinə veriləcək. Artıq bir neçə belə mexanizm üzərində iş aparılır. Belə ki, bu il sahibkarlara xidmətlərin elektron formada vahid platforma üzərindən göstərilməsini nəzərdə tutan “e-KOB evi” portalının və onlayn təlim platformasının sahibkarların xidmətinə verilməsi nəzərdə tutulur. “G2B” (dövlət-biznes) elektron reyestri üzərində aparılan texniki işlər də yekunlaşmaq üzrədir.

Bu il Bakı KOB evinin də istifadəyə verilməsi nəzərdə tutulur. Sahibkarların çoxsaylı müraciətləri və mexanizmin effektivliyi nəzərə alınmaqla ölkənin daha 10 şəhər və rayonunda KOB dostlarının fəaliyyətə başlaması planlaşdırılır.

KOB-ların iri ticarət mərkəzlərinə çıxışına dəstəyi nəzərdə tutan və bu sahədə münasibətləri tənzimləyəcək mexanizm üzərində, həmçinin sahibkarların maliyyə vəsaitlərinə çıxışının daha da asanlaşdırılması, bu sahədə alternativ mənbələrdən istifadə olunması istiqamətində iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti