...

Emin Hacıyev: Davos Ümumdünya İqtisadi Forumu göstərdi ki, dünyanın nəhəng şirkətləri Azərbaycanla işləmək istəyirlər

İqtisadiyyat Materials 15 Aprel 2020 11:49 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan daim beynəlxalq təhlükəsizliyə, eləcə də müxtəlif sahələrdə beynəlxalq və regional layihələrin uğurla realizə edilməsi, qlobal əhəmiyyətli təşəbbüslərin gerçəkləşməsinə öz dəstəyini göstərib. Davos Ümumdünya İqtisadi Forumu göstərdi ki, dünyanın nəhəng şirkətləri Azərbaycanla işləmək istəyirlər.

Bunu Trend-ə Milli Məclisin deputatı Emin Hacıyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

E.Hacıyev bildirib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilir:

“Görülən bu işlərin nəticəsidir ki, beynəlxalq aləmdə ölkəmizə böyük maraq göstərilir. Dünyanın nəhəng şirkətləri Azərbaycanla əməkdaşlıq edir, ölkəmizdə investisiya yatırır. Bu gün Azərbaycan dünyanın ən nüfuzlu platformalarında iştirak edir. Ölkəmiz artıq 13 ildir ki, Davos Ümumdünya Forumunda dövlət başçısı səviyyəsində təmsil olunur. Bildiyiniz kimi, Davos Forumu dünyanın iqtisadi beyin mərkəzi kimi xarakterizə edilir və hər il orada aparıcı dövlətlərin rəhbərləri, nümayəndələri, dünyanın nəhəng şirkətləri, korporasiyalar təmsil olunur.

Cənab Prezidentin iştirak etdiyi son Davos Forumu da ölkəmiz üçün uğurlu nəticələri ilə yadda qaldı və beynəlxalq aləmdə Azərbaycana olan etimad özünü bir daha aydın şəkildə biruzə verdi. Budəfəki forum çərçivəsində də dünyanın böyük şirkətlərinin rəhbərləri Prezident İlham Əliyevlə görüşlərində Azərbaycanla əməkdaşlıq etmək, ölkəmizə investisiya qoymaq istəklərini ifadə etdilər. Bu, beynəlxalq aləmdə ölkəmizə olan inam və etibarın daha bir göstəricisidir. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində ölkəmizdə siyasi sabitlik və əlverişli biznes mühiti yaradılıb ki, bu da xarici investorları ölkəmizə cəlb edir”.

Deputat həmçinin vurğulayıb ki, qlobal təhlükəsizlik məsələlərinin müzakirə edildiyi Münhen Təhlükəsizlik Konfransı da ölkəmiz üçün uğurlu nəticələrlə yadda qaldı:

“Bu ilin fevral ayında baş tutan konfrans Azərbaycanın böyük qələbəsi ilə yadda qaldı. Belə ki, konfrans çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirildi. Müzakirələr zamanı Paşinyan gülünc və aciz duruma düşdü. Bütün qlobal informasiya resurslarının diqqət mərkəzində olan müzakirələr zamanı Prezident İlham Əliyevin təcrübəsi, haqlı mövqeyi, dərin tarixi bilikləri və tutarlı arqumentləri qarşısında Paşinyan çıxılmaz vəziyyətə düşdü və bir daha dünya ictimaiyyəti qarşısında erməni yalanları, saxtakarlıqları ifşa olundu. Prezident İlham Əliyev müzakirələr zamanı bir daha Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti həyata keçirdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Hesab edirəm ki, bütün bunlar Azərbaycanın dünyada mövqeyini daha da möhkəmləndirir və ölkəmizə olan inamı daha da artırır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti