Bakı. Elçin Mehdiyev – Trend:
Vergi güzəştlərinin tətbiqi sahibkarlara postkoronavirus dövründə iqtisadi aktivlərini qısa zamanda bərpa etmək imkanı verəcək.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Kamal Cəfərov deyib.
Millət vəkili bildirib ki, bu gün bəşəriyyət böyük sınaq qarşısındadır:
"Dünya istər iqtisadi, səhiyyə, istərsə də sosial-psixoloji cəhətdən gözlənilməz zərbənin təsiri altında mübarizə aparır. Bəzi ölkələrin doğrudan da böyük itkilərlə üzləşdiyi zamanda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında və doğru istiqamətdə atılan addımlar ölkəni gözlənilən böhrandan qorudu".
K.Cəfərov vurğulayıb ki, Prezident İlham Əliyev əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzaladı, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başladı, koronavirus pandemiyasına qarşı mühüm səhiyyə tədbirləri həyata keçirildi, dövlət başçısının təşəbbüsü ilə müasir tibb müəssisələri açıldı.
Deputat bildirib ki, sosial təminat və sağlamlıq məsələlərinin ön plana çıxması, bu istiqamətdə atılan doğru addımlar onu sübut etdi ki, Azərbaycan dövləti daxili prioritetləri vaxtında və çox düzgün müəyyən edib:
“600 min işsiz və xüsusi karantin rejiminə görə işini itirən şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsi, DOST İş Mərkəzləri vasitəsi ilə 90 min ödənişli ictimai iş yerlərinin yaradılması, 12 min ailənin özünəməşğulluq proqramına cəlb edilməsi və s. sadaladığım və sadalamadığım onlarla addım, verilən çevik reaksiyalar bizi bu böyük bəlanın qarşısında güclü etdi.
Əminəm ki, ölkə başçısının rəhbərliyi ilə bizim xalqımız bu sınaqdan da şərəflə çıxacaq. Prezident İlham Əliyev belə bir fikir səsləndirdi: “Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır”.
Deputat vurğulayıb ki, bu fikirlərin müəyyən etdiyi istiqamət göstərir ki, koronavirusun mənfi təsirlərinin minimuma endirilməsi, sahibkarların daha qısa zamanda öz fəaliyyətlərini bərpa etməsi əsas hədəf olacaq.