...

2010-2020-ci illərdə Azərbaycan iqtisadiyyatı böyük inkişaf yolu keçib - Deputat

İqtisadiyyat Materials 28 İyul 2021 20:33 (UTC +04:00)
2010-2020-ci illərdə Azərbaycan iqtisadiyyatı böyük inkişaf yolu keçib - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

2010-2020-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı böyük inkişaf yolu keçib. Bu illər ərzində Azərbaycanda dərin iqtisadi islahatlar, geniş və uzunmüddətli iqtisadi inkişaf layihələri, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları, o cümlədən struktur islahatları həyata keçirilib, sosial-iqtisadi infrastrukturun bərpası və inkişafı, yoxsulluğun azaldılması və digər sahələrdə genişmiqyaslı tədbirlər reallaşdırılıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, həyata keçirilən məqsədyönlü islahatlar və proqramlar nəticəsində Azərbaycan iqtisadiyyatı dünyanın ən yüksək templə inkişaf edən iqtisadiyyatlarından birinə çevrilib: “Məhz görülən bu işlər nəticəsində Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın ən güclü iqtisadiyyatına çevrilib. Belə ki, bu gün Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatında 60% paya malik güclü iqtisadiyyat formalaşdırmağı bacarıb. Azərbaycanın iqtisadi inkişafı əhalinin rifahına və gəlirlərinə də müsbət təsir göstərib. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 4 753 manatdan 7 263 manata qədər artıb. Qeyri-neft iqtisadiyyatının həcmi isə bu illər ərzində real ifadədə 1,6 dəfəyə yaxın artaraq 2020-ci ildə 50,8 mlrd. manat olub. Bununla yanaşı, qeyri-neft sənayesində məhsul istehsalı 5 mlrd. manatdan 12 mlrd. manata çatmaqla real həcmdə 2,4 dəfə artıma nail olunub”.

Deputat vurğulayıb ki, ölkədə iqtisadi inkişafda və istehsal sahəsində artım öz növbəsində ixrac həcminin də artmasına əhəmiyyətli təsir göstərib: “Bunun nəticəsində qeyd olunan dövr ərzində Azərbaycanın ixracda qeyri-neft sektorunun payı 7,4%-dən 13,7%-ə yüksəlib. Eyni zamanda 2010-2020-ci illərdə Azərbaycan iqtisadiyyatına kifayət qədər investisiya qoyulub. Beləki, bu müddət ərzində iqtisadiyyata 211,2 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub. O cümlədən, daxili investisiya 110,3 mlrd. ABŞ dolları, xarici investisiya isə 101 mlrd. ABŞ dolları təşkil edir. Qoyulmuş investisiyaların 130 mlrd. ABŞ dollarından çoxu isə qeyri-neft sektorunun inkişafına yönəldilib”.

A.Hüseynova görə, Azərbaycan iqtisadiyyatının dayanıqlılığı və sağlam təməllər üzərində inkişafı həm koronavirus pandemiyası, həm də 44 günlük Vətən müharibəsi zamanı qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gəlməyə imkan verdi: “Ölkə iqtisadiyyatının inkişafı bu illər ərzində ordu quruculuğu sahəsində də geniş tədbirlər həyata keçirməyə, ordumuzu müasir silahlarla təmin etməyə, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə imkan verdi. Ordumuz 44 günlük Vətən müharibəsində öz gücünü göstərdi və torpaqlarımızı düşmən tapdağından azad etdi. Cənab Prezident İlham Əliyevin qələbə və inkişafa hədəflənmiş siyasəti öz uğurlu nəticəsini verdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti