Bakı. Çingiz Səfərli - Trend:
Türkiyə ilə Azərbaycanı quru yolla bir-birinə bağlayacaq Zəngəzur dəhlizi logistika və ticarətdə yeni alternativlərin yolunu açacaq.
Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun sədri Nail Olpak Azərbaycan-Türkiyə-Gürcüstan Biznes Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycanla Türkiyənin 2,5 milyard dollarlıq qarşılıqlı ticarət dövriyyəsi var. Kənd təsərrüfatında da yaxşı nailiyyətlər əldə etmək olar.
"Türkiyə ilə Azərbaycanı quru yolla bir-birinə bağlayacaq Zəngəzur dəhlizi də logistika və ticarətdə yeni alternativlərin yolunu açacaq. Bundan başqa kənd təsərrüfatı, infrastruktur, mədənçilik sahəsində də əməkdaşlığımızı gücləndirməliyik. Digər tərəfdən işğaldan azad edilən ərazilərin bərpası prosesi Azərbaycan üçün nə qədər önəmlidirsə, hamımız üçün bir o qədər əhəmiyyətlidir. Biz də bu işdə layihələrimizlə dəstək olacağımızı düşünürük. İnvestisiya layihələri ilə yanaşı maliyyələşmə məsələsi də var. Türkiyənin bu sahədə böyük təcrübəsi var. Bu təcrübənin Azərbaycanda və Gürcüstanda da tətbiqinin məhsuldar olacağını hesab edirik", - N.Olpak deyib.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu işə başlayıb. Tədbirin açılışında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muş və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edirlər. Bu forum Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm layihələrin iştirakçısı olan Bakı, Tbilisi və Ankara arasında üçtərəfli əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyır. Azərbaycan-Türkiyə-Gürcüstan Biznes Forumu 2012-ci ildən bəri keçirilir. Bakı sayca VI foruma ev sahibliyi edir.