...

Azad edilən torpaqlarda hotellərin inşası ölkəmizə gələn turistlərin sayının artmasına müsbət təsir edəcək - Assosiasiya direktoru

İqtisadiyyat Materials 21 Dekabr 2022 16:45 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilən torpaqlarda hotellərin inşası ölkəmizə gələn turistlərin sayının artmasına müsbət təsir edəcək.

Bunu çərşənbə günü Trend-ə açıqlamasında Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam deyib.

Onun sözlərinə görə, azad edilən torpaqlarda inşa edilən hotellər ölkə turizminin inkişafına böyük təkan verəcək.

"Hazırda Ağdamda bir, Şuşada iki otel tikilir. Təbii ki, həmin yerlərdə infrastruktur və təhlükəsizlik təmin edildikdən sonra böyük turist axını olacaq. Əlbəttə, bu istiqamətdə planlar yalnız hotellərin tikintisi ilə bağlı deyil, eyni zamanda turistlərin rahatlığı və məmnunluğu üçün kompleks sistemli yanaşma tətbiq olunaraq müxtəlif növ turizm məhsullarının yaradılması da önəmlidir. Hazırki mərhələdə Qarabağın turizm potensialının üzərində intensiv iş gedir. Hotellərin tikintisi həm də yeni iş yerlərinin açılmasıdır. Bütün bunların iqtisadiyyata müsbət təsirləri olacaq",- deyə icraçı direktor bildirib.

G. Sağlamın bildirib ki, ölkəmizin zəngin turizm potensialı paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif bölgələrində cəmləşib.

"Hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Regionlarda hotel biznesi inkişaf edir. İsmayıllıda Basqal Resort and Spa hoteli istifadəyə verilməsi regionlarda hotel biznesinin inkişafının bariz nümunəsidir. Hoteldə qonaqlar üçün hər cür şərait yaradılıb. Bu da yerli və xarici turistlərin diqqətini cəlb edir. COVİD pandemiyası dövründə Azərbaycanda hotel biznesində durğunluq yaşanırdı. Lakin hazırda ölkənin müxtəlif regionlarında hotellərin tikintisi davam edir."

İcraçı direktor bildirib ki, Bakıda brend hotellərin açılması turizmin inkişafına böyük təkan verir. Bu işlərin görülməsi ölkəmiz üçün müsbət haldır.

"Paytaxtda təzəlikcə açılan “The Ritz-Carlton Baku” hoteli ölkəmiz üçün çox böyük əhəmiyyətə malikdir. Belə hotellərin açılışı xarici turistləri ölkəmizə daha çox cəlb edir və turizmin inkişafına böyük təkan verir. Çünki belə hotellərin beynəlxalq bağlantıları çox yüksəkdir. Brend hotellərin öz qonaq portfoliosu var ki, harda həmin hotel açılıbsa turistləri ora getməyi tərcih edirlər. Belə hotellər Bakıda sayı xeyli artmış turistlərin və işgüzar səyahətçilərin sevgisini qazanacaq. Bu da ölkəmiz üçün müsbət haldır. Ölkəmizdə “The Ritz-Carlton Baku” hotelindən başqa da beynəlxalq markalı hotellər açılır. Bu hotellərin içində orta qiymətə olanlar da var. Dünyanın aparıcı otellər qrupu olan «Accor» şirkəti də ölkədə yeni hotel açacaq. Bununla bağlı artıq müqavilə də imzalanıb. Dünyada tanınmış markalı hotellərin ölkəmizdə açılması xarici turistlərin ölkəmizə cəlb edilməsi üçün böyük addımdır.

Bundan başqa paytaxtda bir neçə hotelin açılışı da planlaşdırılır. Bütün bunlar ölkə turizminin inkişafı üçün böyük addımlardır", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti