...

2023-cü ildə pul siyasəti qiymət sabitliyinə yönələcək - Mərkəzi Bank

İqtisadiyyat Materials 30 Dekabr 2022 10:33 (UTC +04:00)
2023-cü ildə pul siyasəti qiymət sabitliyinə yönələcək - Mərkəzi Bank
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda növbəti ildə də pul siyasəti ölkədə qiymət sabitliyinin təmin olunmasına yönəldiləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə məlumatında deyilir.

Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2022-ci ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik ümumilikdə qorunmuş və iqtisadi artım davam edib.

2022-ci ildə Mərkəzi Bankın fəaliyyət mühiti qlobal iqtisadi proseslərin ölkə iqtisadiyyatına çoxtərəfli təsirləri ilə xarakterizə olunur. Qlobal tələbin təklifdən daha yüksək templə bərpası, dünya birja əmtəələrinin qiymətlərinin və ticarət tərəfdaşı ölkələrində inflyasiyanın kəskin dəyişkənliyi, eləcə də təchizat-logistika xərclərinin yüksəlməsi ölkə daxilində inflyasiyaya təsir edib. Tədiyə balansı və daxili iqtisadi aktivliyin dəstəklənməsi baxımından isə xarici mühit Azərbaycan üçün əsasən əlverişli olub. Profisitli tədiyə balansı şəraitində valyuta bazarında təklif genişlənmiş və ölkənin strateji valyuta ehtiyatlarının artımı davam edib.

Cari ildə pul siyasəti monetar amillər vasitəsilə inflyasiya təzyiqinin yumşaldılmasına yönəldilmişdir. Monetar amillər məcmu tələbin izafi artımını məhdudlaşdırmışdır. Pul siyasəti qərarları faktiki və proqnozlaşdırılan inflyasiyanın amilləri, eləcə də risklər balansı nəzərə alınmaqla qəbul olunmuşdur. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində bir sıra qərarlar verilmiş, pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılmışdır. Qeyd olunan tədbirlər pul siyasəti qərarlarının faiz kanalı vasitəsilə inflyasiyaya ötürücülüyünün gücləndirilməsinə xidmət etmişdir. Cari ildə ilk dəfə banklararası faizlər Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinə reaksiya verməyə başlayıb", - deyə məlumatda bildirilir.

Növbəti ildə də pul siyasəti ölkədə qiymət sabitliyinin təmin olunmasına yönəldiləcək.

"2023-cü ildə monetar şərait illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənmiş proqnozların hədəf diapazonundan kənarlaşmasından asılı olaraq tənzimlənəcəkdir. İllik inflyasiyanın faktiki və proqnoz göstəricilərinin azalması halında pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun yumşaldılması imkanları nəzərdən keçiriləcək", - deyə qeyd olunur.

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" rəhbər tutulmaqla pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti