...

Türkiyə Bolqarıstana ildə təxminən 1,5 milyard kubmetr qaz tədarük edəcək

İqtisadiyyat Materials 3 Yanvar 2023 18:40 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə və Bolqarıstan ildə təqribən 1,5 milyard kubmetr təbii qaz tədarükü barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, müvafiq saziş çərşənbə axşamı Sofiyada Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməzin iştirakı ilə imzalanıb.

Sənədi Türkiyənin BOTAŞ dövlət şirkətinin baş direktoru Burhan Özcan və Bulgargaz-ın baş direktoru Denitsa Zlateva imzalayıblar.

Müqavilənin müddəti 13 ildir.

F.Dönməzin sözlərinə görə, saziş çərçivəsində Türkiyədəki beş maye qaz terminalı, o cümlədən "Saros" üzən yenidən qazlaşdırma qurğusu Bolqarıstanın ehtiyacları üçün istifadə olunacaq.

O xatırladıb ki, Türkiyə hazırda həm boru kəmərləri, həm də maye qaz vasitəsilə 15 ölkədən qaz alır.

Türkiyənin Energetika Nazirliyinin rəhbəri əmin olduğunu bildirib ki, Ankaranın addımları təkcə Bolqarıstanın deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir.

"Biz Türkiyə-Bolqarıstan sazişini Türkiyədə qaz qovşağının yaradılması istiqamətində mühüm addım kimi qəbul edirik", - deyə nazir bildirib.

Bolqarıstanın energetika naziri Rosen Xristov Türkiyə ilə qaz sazişini “tarixi sənəd” adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti