...

Damen Shipyards Group Azərbaycana tanker və quru yük gəmilərinin inşasında əməkdaşlıq etməyə hazırdır

İqtisadiyyat Materials 2 Fevral 2023 09:23 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın Damen Shipyards Group gəmiqayırma şirkəti tankerlərin, quru yük gəmilərinin və gəmi-bərələrin tikintisində böyük təcrübəyə malikdir və Azərbaycanda bu sahənin inkişafına öz töhfəsini verə bilər.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

"Damen Shipyards Group azərbaycanlı sifarişçilərə bir neçə gəmi təhvil verib və biz əməkdaşlığımızı gücləndirmək niyyətindəyik. Hazırda danışıqlar aparırıq", - şirkətdən deyilib.

Şirkətin dünyanın müxtəlif ölkələrində yerləşən 35 gəmiqayırma və gəmi təmiri zavodunu, o cümlədən, şirkətin baş ofisinin yerləşdiyi Niderlandda 15 tərsanəni özündə birləşdirdiyi bildirilib. Digər 20 tərsanə Polşa, Rumıniya, Türkiyə, Qətər, Çin, Vyetnam, CAR, BƏƏ və Sinqapurda yerləşir. Şirkət, həmçinin, bir çox digər ölkədə birgə müəssisəyə malikdir. Bu gün şirkətdə 11 mindən çox əməkdaş çalışır.

"Bütün dünya miqyasında öz tərsanələrində gəmiqayırma ilə yanaşı, Damen Shipyards Group Damen lisenziyası ilə yerli tərsanələrdə gəmiqayırma üzrə böyük təcrübəyə malikdir. Damen lisenziya və mühəndis paketi, gəmi komponentləri təqdim edir, həmçinin, gəmiqayırma texnologiyalarının ötürülməsini təmin etməklə və yüksək keyfiyyətə zəmanət verməklə tikinti prosesinə nəzarəti həyata keçirir. Bu sınanmış konsepsiya sayəsində bütün dünyada yerli tərsanələrdə 1000-dən artıq layihə reallaşdırılıb. Bu layihələr arasında Albaniya, İtaliya, Braziliya, Vyetnamda müxtəlif növ gəmilərin, Meksika və İndoneziyada freqatların tikintisi və Cənubi Afrikada Hərbi Dəniz Qüvvələri üçün patrul gəmilərinin tikintisi yer tutur. Bundan başqa, ABŞ-ın Sahil mühafizəsinə layihələndirmə üçün çoxsaylı lisenziya paketi göndərilib", - şirkətdən deyilib.

Qeyd edək ki, yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda Damen Shipyards Group-un icraedici direktoru və səhmdarı Arnaut Damenlə görüşüb.

Arnaut Damen Azərbaycanda layihələrin icrasının başladığını bildirib və görülən işlərdən danışıb.

Prezident İlham Əliyev Damen Shipyards Group şirkətinin bu yaxında Azərbaycanda layihələrin icrasına başladığından məmnun olduğunu ifadə edib.

Görüşdə şirkət tərəfindən Azərbaycanda daha genişhəcmli işlərin görülməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Azərbaycanın mühüm tranzit ölkəsinə çevrildiyini qeyd edən dövlət başçısı Respublika əraizindən yüklərin 75 faiz artdığını vurğulayıb. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq Azərbaycanda tankerlərin, quru yük gəmilərinin və gəmi-bərələrin sayının artırılmasına ehtiyac olduğunu bildirib. Bu sahədə, həmçinin, Damen Shipyards Group şirkəti ilə əməkdaşlıq üçün yaxşı potensial mövcuddur.

Görüşdə, həmçinin, Azərbaycanın Hərbi Dəniz Qüvvələri üçün müxtəlif növ gəmilərin istehsal imkanları da müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti