...

Xarici investorlar Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərməkdə maraqlıdır - Valeh Ələsgərov (FOTO/VİDEOMÜSAHİBƏ)

İqtisadiyyat Materials 1 Avqust 2023 09:44 (UTC +04:00)
Xarici investorlar Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərməkdə maraqlıdır - Valeh Ələsgərov (FOTO/VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Xarici investorlar Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərməkdə maraqlıdır.

Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə müsahibəsində Ələt Azad İqtisadi Zonasının (AİZ) sədri Valeh Ələsgərov deyib.

Onun sözlərinə görə, bugünədək artıq dörd xarici investor rezident statusu əldə edib.

"Bundan başqa, onlar artıq öz müəssisələrinin inşasına başlayıblar. Yaxın 2-3 ay ərzində həmçinin bu rezidentlərdən biri tərəfindən layihələndirmə işlərinin yekunlaşacağı gözlənilir. Bununla paralel olaraq digər şirkətlərin də bizim iqtisadi zonamıza cəlb edilməsi üzrə danışıqlar aparılır", - deyə o qeyd edib.

V.Ələsgərov AİZ-in baş planına əsasən birinci mərhələdə 60 hektarlıq ərazidə tikinti işlərinin artıq yekunlaşdığını vurğulayıb.

"Burada söhbət su, nəqliyyat, kanalizasiya, enerji və digər lazımi kommunikasiya infrastrukturunun yaradılmasından gedir. Həm AİZ əməkdaşları üçün, həm də Dövlət Gömrük Komitəsi orqanları üçün ofis binaları yaradılıb", - o deyib.

Həmçinin, V.Ələsgərovun sözlərinə görə, hüquqi bazanın optimallaşdırılması üzrə işlər davam edir ki, bu da həm yerli, həm də beynəlxalq səviyyəli investor və iş adamları üçün daha cəlbedici olacaq.

Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasının (AİZ) rezidentləri istehsal edilən məhsullarının ən azı 75 faizini xarici bazarlara ixrac etməlidir. Bununla AİZ-də xırda şirkətlərin, eləcə də aşağı keyfiyyətli məhsullar istehsal edən şirkətlərin yaradılmasının qarşısı alınacaq.

“Həm istehsalatda, həm də ixracatda ən yüksək göstəricilər əldə etmək üçün rezidentlər üçün ən qabaqcıl şərait yaratmışıq. Xüsusən sahibkarların ödənişlərdən azad olunacağını qeyd etmək istərdim. Buraya vergilər, o cümlədən əlavə dəyər vergisi (ƏDV) və əmək haqqı vergisi, rüsumlar və gömrük yığımları daxildir. Beləliklə, sahibkarları bu kimi ödənişlərdən azad etməklə istehsal olunan məhsulun maya dəyərini azaldacağıq ki, bud a öz növbəsində bu məhsulla daha çox bazara çıxmağa imkan verəcək və böyük rəqabətə səbəb olacaq, habelə Azərbaycanın xarici ticarət dövriyyəsini artıracaq. Bu nöqteyi-nəzərdən yerli və beynəlxalq istehsalçılar üçün AİZ-də sahibkarlıq fəaliyyəti həyata keçirmək sərfəlidir”, - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti