Bakı. Trend:
Türkiyənin “Turan Teknoloji Anonim Şirketi” (Turan) ödəniş sistemi Azərbaycandan Türkiyəyə “Turan” ödəniş sistemi vasitəsilə pul köçürmələrinin başlanmasından sonra 2024-cü ildə ən azı 25 min əməliyyatın həyata keçiriləcəyini proqnozlaşdırır.
Bu barədə Trend-ə "United Payment" MMC-nin baş direktoru Edqar Abdullayev deyib.
Onun sözlərinə görə, hazırda şirkət “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna uyğun olaraq lisenziyanın alınmasını gözləyir.
"Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya aldıqdan sonra ən qısa zamanda Azərbaycandan Türkiyəyə pul köçürmələrinə başlamağı planlaşdırırıq. Bizim proqnozlarımıza görə, 2024-cü ildə ən azı 25 min əməliyyat gözlənilir", - o vurğulayıb.
Qeyd edək ki, Türkiyənin “Turan Teknoloji Anonim Şirketi” (Turan) ödəmə sistemi vasitəsilə Azərbaycana aylıq köçürmələr təxminən 9,5 milyon türk lirəsi təşkil edir. Turan oktyabrda bu rəqəmi 10 milyon lirəyə, 2024-cü ildə isə ayda 37,5 milyon lirəyə çatdırmağı hədəfləyir.
Turan ödəniş sisteminin hazırda 120 mindən çox aktiv istifadəçisi var. Ayda 700 mindən çox əməliyyat həyata keçirilir.