Bakı. Trend:
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaşıl iqtisadiyyatın inkişafı üçün iki istiqamətdə - yaşıl texnologiyaların tətbiqinin stimullaşdırılması və karbon yığımının artırılması istiqamətində iş aparır.
Bu barədə Trend-ə özəl olaraq Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev bildirib.
“Azərbaycan mədən sənayesi ölkəsidir. Buradakı bir çox sənaye müəssisələri istixana qazları buraxır. Ölkədəki mədən və emal şirkətləri ilə nüanslar üzərində işləyirik, çünki onlar başa düşməlidirlər ki, müzakirə olunan yeni karbon vergisinin mümkün tətbiqi ilə iqtisadiyyata hansı təzyiqlər yarana bilər. Bu vergi təşəbbüsü təhlil mərhələsindədir və onun vergi ödəyicilərinin özlərinə necə təsir edəcəyi araşdırılır”, - deyə Vəliyev bildirib.
Onun sözlərinə görə, bununla bağlı vergi xidmətinin işinin ikinci istiqaməti çərçivəsində dəqiqləşdirilən həvəsləndirmə tədbirləri bu kontekstdə karbon vergisinin mümkün tətbiqinin mümkün mənfi təsirini kompensasiya edə bilər.
“Biz yaşıl texnologiyalar tətbiq edəcək şirkətlərin fəaliyyəti üçün stimullara nail olmaq istəyirik. Bunun subsidiyalar, yoxsa başqa maliyyə mexanizmləri vasitəsilə həyata keçiriləcəyi müzakirə olunur. Yaxın aylarda bu məsələyə aydınlıq gələcək”, - Vəliyev qeyd edib.
O, həmçinin, bildirib ki, Azərbaycanda karbon kvotalarının ticarəti perspektivlərinin qiymətləndirilməsi aparılır.
"Biz iqtisadi məqsədəuyğunluq nöqteyi-nəzərindən qərarlar qəbul edəcəyik", - Vəliyev qeyd edib.
Xatırladaq ki, Azərbaycan karbon kvotalarını xaricə satır və maliyyə nominalında “yaşıl” sertifikatlar alır.