Bakı. Trend:
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 67 min ədəd artaraq 19 milyon 965 min ədəd təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15,8% çoxdur. Ödəniş kartlarında artım debet kartları üzrə 18,1%, kredit kartları üzrə 0,3% təşkil edib.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb. 2025-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,9 milyard manat təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 5,8 milyard manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,1 milyard manatı POS-terminallar, 3,1 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 68,5%-ni təşkil edib.
Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin yanvar ayının sonu ilə müqayisədə bankomatların sayı 6,8%, POS-terminalların sayı 37,3% artıb.