Bakı. Trend:
Cari ilin yanvarında sonunda Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-işlək kreditlərinin həcmi 690,6 milyon manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,2 milyon manat və ya 7% çoxdur. Belə ki, ötən ilin yanvarında sonunda Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-işlək kreditlərinin həcmi 645,4 milyon manat idi.
Bəhs olunan dövrdə bankların qeyri-işlək kreditlərinin 389,4 milyon manatı biznes kreditlərinin, 267,2 milyon manatlı istehlak kreditlərinin, 34 milyon manatı isə ipoteka kreditlərinin payın düşüb.
Bankların qeyri-işlək kreditləri ümumi kredit portfelinin 2,5%-ni təşkil edir.
Qeyd edək ki, hesabat ayında bankların kredit portfeli 27,5 milyard manat olub. Kredit portfelinin 14,7 milyard manatı biznes kreditlərinin, 8,5 milyard manatı istehlak kreditlərinin, 4,2 milyard manatı isə ipoteka kreditləri təşkil edib.
Məlumat üçün bildirək ki, qeyri-işlək kredit (Non-Performing Loan - NPL) – borcalanın müəyyən edilmiş müddət ərzində əsas borcu və ya faiz ödənişlərini tam və ya qismən yerinə yetirmədiyi kreditdir. Banklar və maliyyə qurumları bu cür kreditləri adətən 90 gündən (bəzən daha uzun müddətdən) artıq ödənilməmiş borclar kimi təsnif edirlər.