...

Xorvatiya – Azərbaycan İnvestisiya Forumu keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO)

İqtisadiyyat Materials 28 Fevral 2025 15:01 (UTC +04:00)
Xorvatiya – Azərbaycan İnvestisiya Forumu keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyat naziri Xorvatiyanın Baş nazirinin qəbulunda olub, Zaqrebdə keçirilən Xorvatiya-Azərbaycan İqtisadiyyat və İnvestisiya Forumunda iki ölkənin sərmayə potensialı təqdim olunub, birgə investisiyaların genişləndirilməsi barədə müzakirələr aparılıb.

Trend xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyaya səfər edib. Səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin qəbulunda olub. Qəbul zamanı bildirilib ki, Azərbaycan və Xorvatiya dövlət başçılarının siyasi iradəsi ilə ölkələrimiz arasında əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycan və Xorvatiya 2013-cü ildə Zaqreb Bəyannaməsinin imzalanmasından bəri strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirirlər. Baş nazir Andrey Plenkoviç ilə aparılan müzakirədə Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlığının gündəmində olan prioritetlər, ticarətin və qarşılıqlı investisiyaların artırılması, enerji sahəsində işbirliyinin, həmçinin işgüzar əlaqələrin gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində Zaqreb şəhərində Xorvatiya-Azərbaycan İqtisadiyyat və İnvestisiya Forumu keçirilib.

Tədbirdə Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyar ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin güclənməsinə önəm verdiyini qeyd edib. Vurğulanıb ki, enerjinin Avropa bazarlarına çatdırılması üçün həyata keçirilən layihələr Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolunu artırır. Xorvatiya şirkətlərinin ölkəmizdə həyata keçirilən iqtisadi layihələrdə iştiraka maraq göstərdiyi bildirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında iqtisadi münasibətlərin inkişafını vurğulayıb. Xorvatiya Azərbaycanın mühüm ticarət tərəfdaşları sırasında yer alır. Bu dövlətlə investisiya əlaqələri daha da yaxşılaşıb. Ölkələrimizin dövlət və özəl şirkətləri arasında səmərəli tərəfdaşlıq qurulub. Xorvatiya ilə tekstil, nəqliyyat-logistika, qida sənayesi, əczaçılıq, tikinti, kənd təsərrüfatı, yaşıl enerji, turizm və s. istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Azərbaycanın iqtisadiyyat naziri ölkəmizin iqtisadi prioritetləri, əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar haqqında məlumat verib, xorvatiyalı sərmayədarları fəal işbirliyinə dəvət edib.

Xorvatiya İqtisadiyyat Palatasının vitse-prezidenti İqor Pokaz, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkələrimizin işgüzar dairələri arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, birgə investisiyaların artırılması və şaxələndirilməsi haqqında danışıblar.

Tədbirdə Xorvatiya və Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatlar keçirilib.

Forumda “Enerji təhlükəsizliyi və şaxələndirməyə yatırım: Xorvatiya və Azərbaycan arasında əməkdaşlıq”, “Strateji investisiya əməkdaşlığının qurulması: Sənaye və ticarət tərəfdaşlığı” mövzularında panel müzakirələr olub.

Tədbir B2B formatda görüşlərlə davam etdirilib.

XXX

09:36

Xorvatiya – Azərbaycan İnvestisiya Forumu keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında paylaşım edib.

"Bu gün həmkarlarla birlikdə Xorvatiyaya işgüzar səfərimiz başlayır. Səfər çərçivəsində bu ölkənin hökumət nümayəndələri ilə keçirəcəyimiz görüşlərdə ikitərəfli iqtisadi əlaqələrə dair müzakirələr aparacağıq, həmçinin Xorvatiya – Azərbaycan İnvestisiya Forumunda iştirak edəcəyik", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycanla Xorvatiya arasında ticarət əməliyyatlarının həcmi 188,9 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin yanvar ayındakı göstərici ilə müqayisədə 188,3 milyon ABŞ dolları və ya 295 dəfə çoxdur.

Hesabat dövründə Xorvatiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,71%-i həcmində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti