Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Norveç Vergi Administrasiyası ilə vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirib.
Bu barədə Trend DVX-yə istinadən xəbər verir.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Norveç Vergi Administrasiyasının baş direktoru xanım Nina Şanke Funnemark ilə videoformatda görüş keçirib.
Görüşdə gündəmdə olan prioritet əməkdaşlıq istiqamətləri və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb. Tərəflər həm IOTA çərçivəsində, həm də ikitərəfli səviyyədə vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
IOTA-nın fəaliyyətinin genişləndirilməsi istiqamətində təkliflər müzakirə edilib. Qeyd olunub ki, əlaqələrin möhkəmləndirilməsi hər iki ölkə üçün vergi sistemlərinin yüksək beynəlxalq standartlara uyğun təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşün davamında vergi inzibatçılığı sahəsində birgə təşəbbüslərin artırılması imkanları nəzərdən keçirilib, bu məqsədlə mövcud potensialdan istifadənin önəmi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.