...

İğdır-Naxçıvan qaz kəməri: Azərbaycan və Türkiyənin enerji əməkdaşlığında yeni mərhələ

İqtisadiyyat Materials 5 Mart 2025 13:14 (UTC +04:00)
İğdır-Naxçıvan qaz kəməri: Azərbaycan və Türkiyənin enerji əməkdaşlığında yeni mərhələ
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyə arasındakı münasibətlərin qarşılıqlı ehtiram və müxtəlif sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat və energetika sahələrində əməkdaşlığa əsaslanan dərin tarixi və mədəni kökləri var. Uzun illər ərzində möhkəmlənən bu əlaqələr bir sıra vacib strateji layihələrin hesabına yeni səviyyəyə yüksəlib. Belə layihələrdən biri də İğdır-Naxçıvan qaz kəməridir.

15 dekabar 2020-ci il tarixində Azərbaycanla Türkiyə arasında qarşılıqlı Anlaşma haqda memorandumun imzalanması enerji sektorunda ikitərəfli inkişaf baxımından vacib addım oldu. Tikintisi Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) və Türkiyənin BOTAŞ şirkətinə həvalə olunmuş İğdır-Naxçıvan qaz kəməri Naxçıvan Muxtar Respublikasının enerji müstəqilliyinin təmin olunmasına yönəlmiş strateji bir layihədir. Buna qədər Naxçıvan Muxtar Respublikası əsasən İrandan qaz əldə edirdi. Lakin yeni infrastruktur tədarük mənbələrinin şaxələndirilməsinə şərait yaradacaq.

Türkiyənin TPAO şirkəti kommunikasiya xəttlərinin salınması və lazımi hazırlıq işlərinin aparılması ilə məşğul olub. Bu işlər 2021-ci ilin iyun ayında yekunlaşıb və layihənin gerçəkləşdirilməsində həlledici mərhələ olub. 25 sentyabr 2023-cü ildə isə rəsmi təməlqoyma mərasimi keçirilib ki, həmin mərasimdə hər iki dövlətin başçıları Azərbaycandan Prezident İlham Əliyev və Türkiyədən Rəcəb Tayyip Ərdoğan iştirak edib.

Təməlqoyma mərasimindən sonra birgə mətbuat konfransında Prezidenti İlham Əliyev Türkiyə ilə ikitərəfli münasibətlər baxımından bu layihənin əhəmiyyətini vurğulayıb:

"İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək."

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan öz növbəsində Azərbaycanla münasibətlərdə Naxçıvanın strateji əhəmiyyətini vurğulayıb və onun tarixən xüsusi rol oynamasını qeyd edib.

“Bugün Naxçıvan iqtisadiyyat, nəqliyyat və enerji nöqteyi nəzərindən nəhəng potensiala sahibdir. Regional nəqliyyat xəttlərinin yaradılması ilə biz bu potensialı tam olaraq gerçəkləşdirmək imkanı əldə etmişik... İğdır-Naxçıvan qaz kəməri bizim Azərbaycanla enerji sahəsində əməkdaşlığımızı dərinləşdirəcək, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə vasitəçilik edəcək”,- deyə o bildirib.

İşə salınması bugünə nəzərdə tutulan yeni qaz magistralı Naxçıvanı Azərbaycanın öz qazı ilə təchiz olunmasını təmin edəcək ki, bu da təkcə bölgənin üçüncü ölkələrdən asılılığını azaltmayacaq, eyni zamanda Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələri möhkəmləndirmiş olacaq. Bu eyni zamanda ikitərəfli münasibətlərdən tutmuş iri beynəlxalq enerji layihələri çərçivəsində inteqrasiyanın genişləndirilməsinə kimi daha geniş kontekstdə enerji əməkdaşlığının inkişafına vasitəçilik etmiş olacaq.

Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir. Bu tam olaraq Naxçıvanın təbii qaza olan cari tələbini ödəyir, gələcəkdə isə qaz kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkan olacaq ki, bu da regionun inkişafı üçün əlavə imkanlar yaratmış olacaq.

İğdır-Naxçıvan qaz kəməri layihəsi 5 iyun 2023-cü ildə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb.

Qaz kəmərinin tikintisi Azərbaycanın beynəlxalq enerji sistemində öz mövqeyini möhkəmləndirməklə bağlı daha geniş strategiyasının bir hissəsidir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP kimi vacib ixrac marşrutlarına əlavə olaraq, bu layihə regionun enerji stabilliyinə dəstək olan infrastrukturun daha bir elementinə çevrilir.

Qaz kəmərinin istismara verilməsi təkcə muxtar respublikanın enerji təhlükəsizliyini möhkəmləndirməyəcək, həm də onun sosial-iqtisadi inkişafı üçün əlavə şərait yaradacaq. Daha etibarlı enerji təchizatı yeni investisiya layihələrinin həyata keçirilməsinə, biznesin cəlb olunmasına və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına imkan verəcək.

Beləliklə, İğdır-Naxçıvan qaz kəməri sadəcə bir infrastruktur layihəsi deyil, Azərbaycan və Türkiyə arasında möhkəmlənən, regionun uzunmüddətli inkişafı və sabitliyinə yönəlmiş tərəfdaşlığın rəmzidir. Bu layihənin həyata keçirilməsi istiqamətində hər iki ölkənin birgə səyləri təkcə enerji deyil, həm də iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açır, ümumilikdə regionun sabitliyinə və rifahına töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti