Bakı. Trend:
Sloveniyadan olan biznes nümayəndə heyətinin Azərbaycana martın 10-13-nə planlaşdırılan səfəri aprel ayına təxirə salınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyindən bildirilib.
"İqtisadiyyat naziri Matjaz Han digər öhdəliklərə görə Bakıya gələ bilməyəcək. Biznes nümayəndə heyəti Sloveniyanın Xarici və Avropa İşləri naziri Tanya Fajonun aprel ayına planlaşdırılan səfərinə qatılacaq", - Nazirlikdən bildirilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Azərbaycanla Sloveniya arasında ticarət əməliyyatlarının həcmi 30,1 milyon ABŞ dolları təşkil edib. Bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 9,7 milyon ABŞ dolları və ya 24,5% azdır.
Hesabat dövründə Azərbaycandan Sloveniyaya 8,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu, 2023-cü ildəki göstəriciyə nisbətən 3 milyon ABŞ dolları, başqa sözlə, 27% azalma deməkdir.
Həmçinin ötən il Azərbaycana Sloveniyadan məhsul idxalı illik müqayisədə 6,7 milyon ABŞ dolları və ya 23,5% azalaraq 21,9 milyon ABŞ dollarına bərabər olub.
Təkcə bu ilin yanvar ayında isə Azərbaycanla Sloveniya arasında ticarət əməliyyatlarının həcmi 4,9 milyon ABŞ dolları olub. Bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,9 milyon ABŞ dolları və ya 61,9% çoxdur.