Bakı.Trend:
Rəqəmsal transformasiya və dayanıqlı infrastrukturun inkişafında yeni mərhələ 10 mart tarixində “Onlayn Azərbaycan” meqalayihəsinin yekun hesabat tədbiri keçirilib.
Trend xəbər verir ki, tədbirdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin icraçı direktoru Şahin Babayev, “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) regional direktoru Natalia Moçu, eləcə də tənzimləyici qurumların nümayəndələri və sahə üzrə ekspertlər iştirak ediblər.
Tədbir çərçivəsində layihənin icrası, əldə olunan nəticələr və
gələcək perspektivlər haqqında geniş məlumat verilib.
Açılış nitqi ilə çıxış edən Şahin Babayev bildirib: “Onlayn
Azərbaycan” layihəsi ölkənin bütün ərazilərində həm biznes, həm də
ev təsərrüfatlarının müasir texnologiyalar vasitəsilə
yüksəksürətli, sabit genişzolaqlı internetlə təmin olunmasını
hədəfləyirdi. Bir çox tərəfdaşların birgə səyləri nəticəsində
ölkədə genişzolaqlı internet şəbəkəsinin qurulmasına nail olduq.
Mürəkkəb struktur və strateji əhəmiyyətə malik layihə mərhələli
şəkildə icra edildi. Son 4 il ərzində ölkədə sabit genişzolaqlı
yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların
sayı 13 dəfə artaraq təxminən 3 milyona çatdı, nəticədə ölkənin
sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edildi. Bu layihə
internet infrastrukturunu yaxşılaşdırmaqla yanaşı, ölkənin rəqəmsal
gələcəyini formalaşdıran strateji addımlardan biri oldu”.
Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə
“Telekommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafına
dair Strateji Yol Xəritəsi” çərçivəsində icra olunub. Son iki ildə
ölkədə genişzolaqlı internetin illik orta sürəti 1,4 dəfə artıb və
2024-cü ilin yanvar ayına olan məlumata əsasən bu göstərici 66
Mbit/s-ni keçib.
Tədbir “Rəqəmsallaşmada yeni mərhələ” mövzusuna həsr olunmuş panel sessiyası ilə davam edib. Sessiyada innovativ texnologiyaların tətbiqi, “bulud” xidmətlərinin genişləndirilməsi və e-hökumət platformalarının inkişafı üçün yaradılan imkanlar müzakirə olunub.
Qeyd edək ki, layihə çərçivəsində görülən işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilib. Belə ki, mart ayının 5-i dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress (MWC)” çərçivəsində “Aztelekom” MMC “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülüb. Bu mükafat internet sürət testi və təhlili üzrə qlobal lider olan “Ookla”®️ şirkəti tərəfindən təqdim edilib.