Bakı. Trend:
Cari İran ilinin 11 ayı ərzində (20 mart 2024 -18 fevral 2025) İranın Azərbaycandan məhsul idxalı ötən ilin analoji dövrü ilə (21 mart 2023 -19 fevral 2024) müqayisədə dəyər baxımından 31,5%, çəki baxımından 32,5% azalıb.
Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.
Statistikaya əsasən, 11 ay ərzində İranın Azərbaycandan məhsul idxalı təxminən 28,7 milyon dollar dəyərində 11,7 min ton təşkil edib.
Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İranın Azərbaycandan məhsul idxalı 41,9 milyon dollar dəyərində 17,3 min ton təşkil edib.
Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairə məhsullar idxal edib.
Statistikada əlavə olunur ki, 11 ayda İranın Azərbaycanla ticarət dövriyyəsi 664 milyon dollar dəyərində 811 min ton təşkil edib. İranın Azərbaycanla ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 10,3%, çəki baxımından 11,7% artıb.
Əlavə edək ki, İranın Gömrük Administrasiyasının statistikasına görə, 11 ayda İran 63,6 milyard dollar dəyərində 35 milyon ton məhsul idxal edib. Məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 5,6% artıb, çəki baxımından 2,6% azalıb.
Qeyd edək ki, İran məhsul idxalında əsasən ölkənin ehtiyac duyduğu zəruri məhsulların idxalına önəm verir və ölkədə istehsal olunan məhsulların ölkəyə idxalına müəyyən məhdudiyyətlər tətbiq edir.