Bakı. Trend:
Ötən il Cənub Qaz Dəhlizi vasitəsilə Avropa, Türkiyə və Gürcüstana ümumilikdə 24,6 milyard kubmetr qaz ixrac edilib.
Trend bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir.
Məlumata görə, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumuna əsasən 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmi iki dəfə artırılmalıdır.
“2021-ci ildə Avropaya qaz ixracı 8 milyard kubmetrdən bir qədər çox olduğu halda, 2024-cü ildə ixracın həcmi təxminən 13,2 milyard kubmetrə çatıb, Azərbaycan qazını alan Avropa ölkələrinin sayı artaraq 10-a yüksəlib.
Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyində rolu nəzərə alınaraq Avropa Komissiyası tərəfindən Azərbaycan etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirilir”, - deyə hesabatda qeyd edilib.