Bakı. Trend:
Süni intellekt müəyyən risklər daşıyır, buna görə də, onun istifadəsində balans tapmaq vacibdir.
Trend xəbər verir ki, bununu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş direktorunun müavini Tomas Lamanauskas XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panel müzakirəsində bildirib.
Süni intellektin tətbiq potensialı həqiqətən böyükdür. Eyni zamanda, hər bir texnologiya kimi, süni intellekt də risklər və çətinliklər yaradır. Burada əsas məsələ elə bir balans tapmaqdır ki, imkanlar risklərdən üstün olsun. Biz elə bir dünyada yaşayırıq ki, burada dezinformasiya və “deepfake” texnologiyaları ictimai diskussiyalara və real mənzərənin öyrənilməsinə təhdid yaradır. Buna diqqət ayırmaq vacibdir", – deyə o bildirib.
Onun sözlərinə görə, süni intellekt sistemlərində məlumatın keyfiyyəti böyük önəm kəsb edir.
“Süni intellekt sistemlərində qərəzlilik mövcuddur. Araşdırmalara əsasən, bu cür sistemlərin 45%-i genderə əsaslanan qərəz nümayiş etdirir, 35%-i isə eyni anda həm gender, həm də irqi qərəzə malikdir. Bu isə, məsələn, işə qəbul zamanı namizədlərin seçiminə təsir edir, burada qərar insanın cinsi və ya irqindən asılı ola bilər ki, bu da ciddi risklər yaradır.
Bu, həm də süni intellekt sistemlərinin kim tərəfindən hazırlanması ilə bağlıdır. Hazırda süni intellekt sahəsində çalışan qadınlar cəmi 30% təşkil edir, mühəndislik üzrə doktorluq dərəcəsinə sahib mütəxəssislər arasında isə qadınların payı 20%-dən də azdır. Əgər qadınlar süni intellektin inkişafında iştirak etməsələr, bu rsklər qaçılmaz olaraq artacaq”,- deyə T. Lamanauskas vurğulayıb.