Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 4,8 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Trend Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda məhsul ixracından əldə olunan gəlir 2,7 milyard ABŞ dolları olub.
Xam neft və neft məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 183 min ton və ya 4% çoxalıb, dəyər ifadəsi ilə 154 milyon ABŞ dolları, yaxud da 5,4% azalıb.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycandan xaricə 4,6 milyon ton miqdarında, 2,8 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur. Ötən ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 7,2 milyard ABŞ dolları idi.
Ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar (0,3%) az və 1,7 milyard dollar (69,2%) çoxdur.
Xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.