Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda hava nəqliyyatı ilə 581,4 min sərnişin daşınıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz çoxdur.
Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Bu nəqliyyat növü ilə yükdaşıma 4,9 faiz artaraq 66,2 min ton olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,1 faiz və 4,8 faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 36,3 milyon ton yük daşınıb. Yüklərin 4,0 faizi dəniz, 8,1 faizi dəmir yolu, 0,2 faizi hava, 56,9 faizi avtomobil nəqliyyatı, 30,8 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,6 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,9 faiz təşkil edib. 2025-ci ilin yanvar-fevral aylarında nəqliyyatçılar 308,6 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,1 faizi avtomobil nəqliyyatı, 11,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.