Bakı. Trend:
1 oktyabr 2022-ci ildən 1 mart 2025-ci ilədək Yunanıstan-Bolqarıstan qaz interkonnektoru (IGB) vasitəsilə Yunanıstandan Bolqarıstana nəql olunan qazın həcmi 33 008 796,79 MVt/saat təşkil edib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq boru kəmərinin operatoru ICGB şirkətindən bildirilib.
"Bolqarıstandan Yunanıstana virtual revers vasitəsilə nəql olunan qazın həcmi isə 1 912 579,44 MVt/saat təşkil edib", – deyə şirkətdən bildirilib.
Qeyd edək ki, IGB Bolqarıstana Cənub Qaz Dəhlizinə qoşulmağa imkan verir və “Şaquli Qaz Dəhlizi”nin bir hissəsi sayılır. Qaz kəməri yeni, şaxələndirilmiş mənbələrdən olan təbii qaza çıxışı təmin edərək, regionda enerji bağlılığını və təhlükəsizliyini möhkəmləndirir.
Hazırda qaz kəməri illik 3 milyard kubmetr gücü ilə fəaliyyət göstərir, genişlənmə potensialı isə illik 5 milyard kubmetrə qədərdir. İnterkonnektor Bolqarıstanın daxili təbii qaz istehlakının təxminən 70 faizinə cavab verir və Moldova və Ukrayna kimi vacib bazarlara etibarlı marşrutu təmin edir.
X: @Lyaman_Zeyn