Bakı. Trend:
“SOCAR Green” geotermal enerjiyə investisiyaları optimizasiya etmək niyyətindədir.
Trend xəbər verir ki, bunu “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev Bakıda “Daha yaşıl gələcəyə doğru innovativ yollar: Bərpaolunan enerji mənbələri və tullantıların azaldılması” mövzusunda ADA Universitetində keçirilən tədbirdə etdiyi çıxışda söyləyib.
“Biz Azərbaycanda geotermal enerji sahəsinin inkişafı üzərində iş aparırıq. Azərbaycanın bütöv tarixi boyunca bu sahə faktiki olaraq inkişaf etdirilməyib. Düzdür, hələ Sovet dövründə, eləcə də, daha sonralar aparılmış ayrıca tədqiqatlar olub, bununla belə, bütövlükdə ölkənin geotermal potensialı ilə bağlı informasiya lazımi səviyyədə deyil”
Ə.Musayevin sözlərinə görə, geotermal layihələr ilkin mərhələdə əhəmiyyətli sərmayələr tələb edir. Bununla belə, bu layihələr yüksək gəlirlilik potensialına malikdir və enerji sahəsindəki çağırışlar fonunda səmərəli həll yolu ola bilər. Lakin məhz yüksək giriş baryeri əsas əngəlləyici faktor olaraq qalmaqdadır.
“Səhvlərdən və lazımsız investisiyalardan qaçmaq üçün biz bu sahədə dərin bilik və təcrübəyə malik xarici şirkətlərlə əməkdaşlığa can atırıq. Bu yanaşma bizə onların ekspertizasından faydalanmağa, riskləri bölüşməyə, həmçinin, məsuliyyəti və təbii ki, əldə olunan gəlirləri paylaşmağa imkan verəcək”, - deyə o qeyd edib.