...

"Astana" Beynəlxalq Maliyyə Mərkəzi regionun inkişafının istiqamətləri haqda hesabat dərc edəcək (ÖZƏL)

İqtisadiyyat Materials 8 Aprel 2025 15:35 (UTC +04:00)
"Astana" Beynəlxalq Maliyyə Mərkəzi regionun inkişafının istiqamətləri haqda hesabat dərc edəcək (ÖZƏL)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Xankəndi. Trend:

“Astana” Beynəlxalq Maliyyə Mərkəzi (ABMM) regionun inkişafının prioritet istiqamətləri haqda hesabat dərc edəcək.

Bunu Trend-ə ABMM rəhbəri Renat Bekturov ADA Universitetinin Xankəndi şəhərində keçirilən 7-ci Siyasi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.

“Bizim öz akademiyamız var və biz tədqiqat istiqamətini fəal şəkildə inkişaf etdiririk. Biz artıq bir neçə hesabat dərc etmişik. Buna misal kimi daşınmaz əmlak bazarı və REIT (daşınmaz əmlak üzrə investisiya fondları) bazarının inkişaf potensialı haqda hesabatları göstərmək olar”, - deyə o bildirib.

Bekturov qeyd edib ki, ADA Universiteti kimi tədqiqat mərkəzləri ilə əməkdaşlıq çərçivəsində ABMM müştərək tədqiqat işləri aparır.

“Biz artıq ADA ilə memorandum imzalamışıq və yaxın zamanda artıq birgə tədqiqatımızın nəticələrinin təqdim olunacağı ilk hesabatı dərc edəcəyik. Bizim birgə iş üçün çox sayda ümumi mövzularımız var, məsələn, Orta dəhlizin və nəqliyyat-logistika marşrutlarının inkişafı, həmçinin, enerji və internet-bağlantısı”.

“Orta dəhliz Qazaxıstan üçün, həqiqətən, vacib bir mövzudur. Bildiyiniz kimi, ölkələrimiz arasında yükdaşıma artıb. Biz artıq Aktau şəhərindən Bakıya neft daşınmasına başlamışıq və hazırda həcmi təxminən 1,5 milyon barrel təşkil edir. Biz daşımaların həcmini artırmağı, ticarət əlaqələrimizi şaxələndirməyi və neft ixrac yollarını genişləndirməyi planlaşdırırıq”, — deyə Bekturov bildirib.

O vurğulayıb ki, Beynəlxalq Maliyyə Mərkəzi (ABMM) sürətlə inkişaf etməyə davam edir:

“Ötən ilin avqustunda bizdə 3000 şirkət qeydiyyatda idi, indi isə bu rəqəm 3800-ə çatıb. İlk 1000 şirkətin qeydiyyatı üçün təxminən dörd il yarım vaxt lazım oldu, lakin son yarım il ərzində artıq 800 yeni şirkət qeydiyyatdan keçib”.

O bildirib ki, aktivlərin idarə olunması bazarı fəal şəkildə inkişaf edir, yeni idarəedici şirkətlər yaranır və qiymətli kağızlar bazarı böyüməkdə davam edir.

“Biz, eyni zamanda, kreativ sənayelərə də diqqət yetiririk, çünki hesab edirik ki, istedad da investisiya tələb edən bir aktivdir”, - deyə Bekturov əlavə edib.

ABMM-nin rəhbəri onu da qeyd edib ki, artıq kreativ sənayelərə, xüsusən də film istehsalına yönəlmiş özəl fond fəaliyyətə başlayıb.

“Bu sahəyə investisiyalar cəlb olunacaq, filmlər çəkiləcək, gəlirlər isə investorlar arasında bölüşdürüləcək”, - deyə o dəqiqləşdirib.

ABMM vençur-kapitala və IT sektoruna da xüsusi diqqət ayırır.

“Torpağın vəziyyətinin təhlili üçün aeroqrafik görüntüləmə ilə məşğul olan şirkətlər var və onlar fermerlərə torpaqların idarə olunmasında kömək edir. Məsələn, onlar müəyyən torpaq sahələrində hansı növ bitkilərin yetişdiyini müəyyən edə, o cümlədən, növbəti ilə bitkilərin rotasiyasını planlaşdıra bilirlər. Onlar həmin aeroqrafik təsvirlərin verilənləri əsasında gübrələnməyə kömək edəcək süni intellektə təchiz olunmuş modullar hazırlayırlar”, - deyə Bekturov bildirib.

Eyni zamanda, vençur-kapitalın inkişafı çərçivəsində maliyyələşmə tələb edən yeni layihələr ortaya çıxır.

“Məhz vençur-kapitala göstərilən dəstək sayəsində inkişaf edən çox sayda maraqlı startaplar var”, - deyə o qeyd edib.

Bekturov bildirib ki, IT sektorunda startaplar və innovasiyalar hər iki ölkə üçün vacib trenddir.

“Həm Azərbaycan, həm də bizim üçün startaplar, innovasiyalar və əlbəttə ki, süni intellekt çox önəmli istiqamətlərdir”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti