Bakı. Trend:
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 faiz və 4,2 faiz artıb.
Trend-ə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 55,9 milyon ton yük daşınıb. Yüklərin 4 faizi dəniz, 7,7 faizi dəmir yolu, 0,2 faizi hava, 58,1 faizi avtomobil nəqliyyatı, 30 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,8 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,4 faiz təşkil edib.
2025-ci ilin yanvar-mart aylarında nəqliyyatçılar 472,1 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.