Bakı. Trend:
Özbəkistanla qarşılıqlı investisiyaların təşviqi, birgə layihələrin icrası və biznes tərəfdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir
Belə ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla videokonfrans formatında görüşüb.
Görüşdə Özbəkistanla ikitərəfli əlaqələrin inkişafında dövlət başçılarımızın siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin xüsusi rolu vurğulanıb. Qeyd edilib ki, iki ölkə arasında investisiya qoyuluşu, Azərbaycanın sənaye zonaları, xüsusilə də Qarabağda qida və sənaye üzrə birgə istehsalın təşkili və s. istiqamətlər üzrə səmərəli tərəfdaşlıq üçün geniş potensial var. Bu imkanların reallaşdırılması istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb.
Tərəflər Azərbaycan - Özbəkistan iqtisadi əlaqələrinin intensiv inkişafını məmnunluqla qeyd edərək, sərmayələr sahəsində əməkdaşlığın inkişafı və birgə layihələrin icrası barədə fikirlərini bölüşüblər.
Görüş çərçivəsində Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib.
İclasda qarşılıqlı investisiyaların təşviqi və biznes tərəfdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub.