Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanda virtual kosmik akademiyanın işə salınması təşəbbüsünü alqışlayır.
Trend xəbər verir ki, bunu TDT baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin Rəhbərlərinin 4-cü İllik Toplanatısında bildirib.
“Biz qəti əminik ki, potensialın artırılması və təhsil kosmik əməkdaşlığın əsas dayaqlarındandır. Bu baxımdan Azərbaycanın virtual kosmik akademiyanın və GIC tədris proqramlarının işə salınması təşəbbüsünü alqışlayırıq. Bu proqramlar əhalimiz arasında möhkəm bilik bazasının formalaşdırılmasına yönəlib. Onlar gənclərin və mütəxəssislərin dərin və mənalı təlimə, bacarıqların inkişafına cəlb olunmasına yardım edəcək və bu, bizim daha geniş hədəfimiz - kosmik elmlərə ictimai marağın və bu sahədə səriştənin artırılması üçün zəmin yaradacaq,” – deyə o bildirib.
Ömüralıyev vurğulayıb ki, kosmosun mənimsənilməsi təkcə texnologiyalar məsələsi deyil. Bu, əməkdaşlıq, innovasiya və ortaq gələcəyin qurulması məsələsidir. Ətraf mühitin monitorinqindən tutmuş fövqəladə halların idarə olunmasına, təbii ehtiyatlardan istifadədən təhsilə və potensialın artırılmasına qədər kosmik texnologiyalar bir çox aktual qlobal problemlərin həllində əsas açardır.
“Bizim üzv-dövlətlər və müşahidəçilərin nail olduqları irəliləyiş bizim birgə əməkdaşlığımızın və bu istiqamətdə birgə fəaliyyətə ümumi sadiqliyin vacibliyini vurğulayır”,- deyə o bildirib.