Bakı. Trend:
Önümüzdəki illərdə aparacağımız mikroqravitasiya araşdırmalarında Azərbaycanın da yer almasını çox istəyirəm.
Bunu bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransının (Space Technology Conference (STC2025) ikinci günü çərçivəsində Trend-ə açıqlamasında Türkiyənin astronavtı Tuva Cihangir Atasevər deyib.
O, 2024-cü ildə iki insanı kosmosa göndərməyi bacardıqlarını xatırladıb:
"Onlardan biri də həmvətənlim Alper Gezeravcı idi. O, türk dünyasına öz adını yazdırdı. Həmin missiya zamanı 13 elmi təcrübə apardıq, 5 ay sonra isə ikinci kosmik missiyamızı gerçəkləşdirdik və bu şans mənə nəsib oldu. Bu uçuşda 7 fərqli elmi araşdırmalar apardıq və mikroqravitasiya mühitində elmi təcrübələrin aparılmasında önəmli nailiyyətlər əldə etdik. Önümüzdəki illərdə bu tədqiqatların üzərində daha iddialı hədəfləri gerçəkləşdirmək istəyirik".
"Bu hədəflərimiz arasında Azərbaycanla əməkdaşlıq da var. Azərbaycan mənim ana yurdumdur - anamın doğulub böyüdüyü yerdir. Kosmosa uçarkən üzərimdə həm Türkiyə, həm də Azərbaycan bayrağını götürmüşdüm. Önümüzdəki illərdə aparacağımız mikroqravitasiya araşdırmalarında Azərbaycanın da yer almasını çox istəyirəm. Bununla Azərbaycan və Türkiyə arasında əlaqələri daha da möhkəmləndirmiş olacağıq", - deyə astronavt qeyd edib.