Bakı. Trend:
2025–2029-cu illər üzrə Azərbaycanla gələcək tərəfdaşlıq strategiyası Asiya İnkişaf Bankının (AİB) ölkədəki fəaliyyətini istiqamətləndirəcək.
Trend bu barədə Banka istinadən xəbər verir.
"Bank özəl sektoru yeni iş yerlərinin yaradılması, investisiyaların cəlb olunması və innovativ həllərin təklif olunması istiqamətində dəstəkləməyə davam edəcək. Bu, qeyri-dövlət sektoru üçün yeni maliyyə məhsullarını və mikro, kiçik və orta təsərrüfat müəssisələrin, həmçinin, qeyri-ənənəvi sahibkarların dəstəyini əhatə edəcək.
İnklüziv inkişafı təmin etmək məqsədilə AİB inkişaf etməkdə olan bölgələrdə fəaliyyət imkanlarını araşdıracaq və qadınlar və həssas qruplar üçün üstünlüklərin təmin olunmasına xüsusi diqqət yetirəcək", – deyə AİB-dən bildirilib.
AİB və Azərbaycan hökuməti həmçinin ölkəni Mərkəzi Asiya və Avropa arasında strateji regional enerji və nəqliyyat ticarət mərkəzinə çevirmək üçün əməkdaşlıq edəcək. AİB və Azərbaycan birgə şəkildə ölkə və xalqı üçün yüksək keyfiyyətli nəticələr əldə etməyə çalışacaq.
Qeyd edək ki, 2019–2023-cü illəri əhatə edən Azərbaycanla tərəfdaşlıq strategiyası ölkənin iqtisadi artımını ləngidən bir sıra məsələlərin həllinə yönəlmişdi. İlk növbədə, Azərbaycanın neft ixracından asılılığını azaltmaq və iqtisadi dayanıqlığını artırmaq məqsədilə strategiya neftdən kənar özəl sektorun inkişafının dəstəklənməsi və maliyyə resurslarına çıxışın yaxşılaşdırılmasına yönəlmişdi. İkincisi, iqtisadiyyatda dövlətin rolunun optimallaşdırılması üçün AİB dövlət sektorunun səmərəliliyinin artırılması, dövlət xərclərinin davamlılığının gücləndirilməsi və dövlət korporativ sektorunun inkişafı sahəsində fəaliyyət göstərmişdi. Üçüncüsü, AİB infrastrukturun yaxşılaşdırılması və şaxələndirilmiş iqtisadiyyatın ehtiyaclarını ödəmək üçün insan kapitalının möhkəmləndirilməsinə dəstək verməyə diqqət yetirmişdi.