Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu Azərbaycanda 2025 və 2026-cı illər üçün real ümumdaxili məhsul artımı ilə bağlı proqnozlarını yüksəldib.
Trend xəbər verir ki, BVF-nin 2025-ci il üzrə aprel proqnozuna əsasən, Azərbaycanın real ÜDM-i 3,5 faiz artacaq, 2026-cı ildə isə bu göstərici 2,5 faiz olacaq. Halbuki 2024-cü ilin oktyabr proqnozunda 2025-ci il üçün 2,5 faiz, 2026-cı il üçün isə 2,4 faiz artım gözlənilirdi.
BVF bundan əvvəl də Azərbaycanın nominal ÜDM-i ilə bağlı proqnoz açıqlamışdı və həmin proqnozda bu göstəricinin müsbət dinamika nümayiş etdirərək 2030-cu ilə qədər 171,522 milyard manata çatacağı qeyd olunmuşdu.
Maliyyə institutu ölkə ÜDM-nin artım tempinin 2027 və 2028-ci illərdə 2,4 faiz səviyyəsində sabitləşəcəyini, 2029 və 2030-cu illərdə isə 2,5 faizə yüksələcəyini proqnozlaşdırır.
BVF-nin gözləntilərinə əsasən, neft sektoru istisna olmaqla ÜDM-in artımı 2025-ci ildə 4,5 faiz, 2026-cı ildə 3,7 faiz olacaq, daha sonra isə 2027–2030-cu illər ərzində 3,5 faiz səviyyəsində sabit qalacaq.