Bakı. Trend:
Bu ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 726 milyon dollar əməliyyat xərcləri və təxminən 213 milyon dollar əsaslı xərclər çəkilib.
Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair bu ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyat xərcləri 7 milyon dollar və ya 1%, əsaslı xərclər isə 12 milyon dollar, yaxud da 6% artıb.
Belə ki, 2024-cü ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 719 milyon dollar əməliyyat xərcləri və təxminən 201 milyon dollar əsaslı xərclər çəkilmişdir.
Qeyd edək ki, rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
İlin ilk üç ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və təxminən 1 milyon ton (təqribən 8 milyon barel) kondensat hasil edilib.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 76,4 milyon (ildə təqribən 27,9 milyard) standart kubmetrdir.