Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) strateji hədəfi 2030-cu ilədək çevik, effektiv və inklüziv mikromaliyyə sektorunun formalaşdırılmasıdır.
Trend bu barədə AMB-nin “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədinə istinadən xəbər verir.
Qeyd edilib ki, strateji baxış bəzi hədəflərə nail olunmasını nəzərdə tutur. Buna özünüməşğul əhali, mikro və kiçik biznes subyektləri və istehlakçıların çoxşaxəli, səmərəli və inklüziv mikro maliyyə xidmətlərinə çıxışının təmin edilməsi, sektorun dayanıqlı inkişafını və innovasiyaları təşviq edən tənzimləyici çərçivənin formalaşdırılması, mikromaliyyənin maliyyə sektorunun xüsusi alt-seqmenti kimi formalaşdırılması və maliyyə sektorunda rolunun artırılması daxildir.
AMB tərəfindən stateji hədəflərə nail olunması məqsədilə beş prioritet müəyyən edilib:
Mikromaliyyənin hüquqi və tənzimləyici bazasının gücləndirilməsi;
Bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyələşmə mənbələrinin diversifikasiyası;
Risklərin bölüşdürülməsi mexanizmlərinin gücləndirilməsi;
BOKT-lərin institusional inkişafı;
Özünüməşğul əhali və ailə kəndli təsərrüfatlarının identifikasiyası sisteminin təkmilləşdiriməsi.