Bakı. Trend:
Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya ilə Avropanı birləşdirən Strateji ticarət marşrutu olan Orta dəhlizin inkişafı regiona əhəmiyyətli iqtisadi faydalar gətirə bilər.
Bu barədə Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktor müavini Tanos Arvanitis BFV-nin Özbəkistan Mərkəzi Bankında keçirilən dəyirmi masasında Trend-in sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu dəhlizin tam potensialından istifadə etmək üçün sıx əməkdaşlıq və davamlı sərmayələr vacibdir. Arvanitis regionda ticarətin genişlənməsi və iqtisadiyyatın şaxələndirilməsi baxımından dəhlizin əhəmiyyətini vurğulayıb.
"Aydın olan o dur ki, Orta Dəhlizin inkişafı və bu sahəyə yatırılan investisiyalar layihədə iştirak edən bütün ölkələr üçün müsbət nəticələr verə bilər. Bu həm ticarəti stimullaşdıracaq, həm də iqtisadi şaxələndirməni dəstəkləyəcək və məhz bu səbəbdən regional əməkdaşlığın davam etməsi və zəruri investisiyaların cəlb edilməsi olduqca vacibdir", – deyə o qeyd edib.
O bildirib ki, layihənin effektiv irəliləməsi üçün region ölkələri arasında sıx əlaqələndirmə və xarici maliyyələşmənin cəlb olunması tələb olunur.
"Layihənin uğurla həyata keçirilməsi üçün bütün iştirakçılar arasında əlaqələndirilmiş fəaliyyət əsas şərt olacaq və bu, beynəlxalq maliyyə mənbələrinin fəal şəkildə cəlb olunmasını tələb edəcək", – deyə Arvanitis bildirib.
O, Orta Dəhlizi bütün region üçün uzunmüddətli üstünlüklər vəd edən layihə kimi səciyyələndirib.
"Əminəm ki, bu layihə iştirakçı ölkələrə, onların qonşularına və ümumilikdə iqtisadi inkişaflarına mühüm töhfələr verəcək",- deyə o vurğulayıb.
Eyni zamanda, Arvanitis qeyd edib ki, təkcə infrastruktur sərmayələri ilə kifayətlənmək olmaz: "Bu marşrutun üstünlüklərindən tam istifadə etmək üçün sadəcə inşaatla məhdudlaşmaq olmaz. Gömrük prosedurlarının razılaşdırılması və sərhəd keçidlərinin sadələşdirilməsi vacibdir ki, dəhliz fəaliyyətə başladıqdan sonra yüklər maneəsiz şəkildə hərəkət edə bilsin".
Arvanitis həmçinin layihənin inkişafında digər beynəlxalq maliyyə institutlarının iştirakını da qeyd edib:
"Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) da daxil olmaqla bir sıra təşkilatlar dəhlizin müxtəlif komponentlərinin maliyyələşdirilməsində artıq fəal iştirak edir".