Milan. Trend:
Asiya İnkişaf Bankı (AİB) yoxsulluğun azaldılması və bazara əsaslanan iqtisadi artımın əsas missiyasına diqqətini yeniləməlidir.
Trend-in Milana ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu AİB-in ABŞ-də fəaliyyətdə olan idarəçisinin müavini Marqaret Kullou bu gün AİB idarə heyəti şurasının biznes-sessiyasında çıxışı zamanı bildirib.
"Biz bankın əsas missiyasından uzaqlaşmasından narahatıq. O, öz köklərinə qayıtmalıdır - yoxsulluğun azaldılması və bazar prinsipləri əsasında iqtisadi artımın stimullaşdırılması. Eyni zamanda, bankın işinin effektivliyini və səmərəliliyini təmin etmək, o cümlədən, özəl investisiyaları səfərbər etmək, özəl sektor yönümlü artımı və yeni iş yerlərinin yaradılmasını dəstəkləmək, eləcə də, bazarları inkişaf etdirmək vacibdir".
Kullou vurğulayıb ki, bank iqtisadiyyatın hərəkətverici qüvvəsini dəstəkləməklə yanaşı, özəl sektor investisiyalarını cəlb edəcək və iqtisadi artımı stimullaşdıracaq enerji yoxsulluğunun aradan qaldırılmasına diqqət yetirməlidir.
"Biz bankı enerjiyə hərtərəfli yanaşmağa və ölkələrin, məsələn, nüvə enerjisi də daxil olmaqla, münasib qiymətə əsas yüklə enerji istehsalını təmin edə biləcək bütün texnologiyalara çıxışını təmin etməyə çağırırıq. Resurslardan səmərəli istifadə AİB-in dəstəyinin yoxsulluğun azaldılması və böyüməsinə daha çox təsir etdiyi ən az inkişaf etmiş ölkələrə daha çox diqqət yetirməyi tələb edir", - o əlavə edib.
Onun sözlərinə görə, bankın əsas missiyasına qayıtması qlobal iqtisadi artıma və sabitliyə töhfə verəcək.