Bakı. Trend:
Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu keçiriləcək.
Trend xəbər verir ki, bu sözləri "Caspian Event Organisers"in rəsmisi Bəhruz Hidayətzadə bu gün Bakıda 18-ci Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində Bakı Ekspo Mərkəzində, ümumilikdə 200-dən çox beynəlxalq və yerli nümayəndələr, rəsmi şəxslər və ekspertlərin iştirakı ilə İslam Ticarət və İnkişaf Palatasının “Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu” keçiriləcək:
"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnnovasiya Mərkəzi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və sərgi təşkilatçılarının dəstəyi ilə keçiriləcək tədbir 14-15 may tarixlərində təşkil ediləcək".
"Forumun müzakirə gündəmində davamlı kənd təsərrüfatına investisiya, kənd təsərrüfatında KOB-ların gücləndirilməsi, kənd təsərrüfatı ticarəti, dəyər zəncirləri və qida bazarları kimi mövzular yer alacaq. Tədbir zamanı həmçinin ikitərəfli işgüzar (B2B) görüşlər, eləcə də müxtəlif təlimlər təşkil ediləcəkdir. Bu forum Azərbaycanın kənd təsərrüfatı sektoru üzrə beynəlxalq iqtisadi əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.