...

Azərbaycan “yaşıl” enerjiyə keçid üzrə regionun lideri olmaq niyyətindədir - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 14 May 2025 15:56 (UTC +04:00)
Azərbaycan “yaşıl” enerjiyə keçid üzrə regionun lideri olmaq niyyətindədir - Mikayıl Cabbarov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ölkəni regionun “yaşıl” enerji və dayanıqlı infrastruktur əlaqəliliyi mərkəzinə çevirməyə yönəlmiş iddialı bir strategiyanı həyata keçirir.

Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısı çərçivəsində keçirilən “Azərbaycan: yaşıl inkişaf və qoşulma üçün yeni imkanlar” mövzusunda Londonda keçirilən panel müzakirələrdə etdiyi çıxışda bildirib.

Cabbarov Azərbaycanın təmiz enerji sahəsində regional layihələrdə getdikcə artan rolunu qeyd edib. O, xüsusilə Azərbaycanın və Gürcüstanın bərpaolunan enerji resurslarının Avropaya ixracını hədəfləyən mövcud təşəbbüslər barədə bunları deyib.

“Təbii ki, artıq həyata keçirilən layihələr, o cümlədən ‘yaşıl’ infrastruktur, Azərbaycanda və Gürcüstanda istehsal olunan bərpaolunan enerjinin Avropa bazarlarına çatdırılmasına yönəlib. Güclü siyasi dəstək və regional əməkdaşlıq olmasaydı bu mümkün olmazdı”, – deyə Cabbarov vurğulayıb.

Onun sözlərinə görə, bu əməkdaşlıq yalnız qonşu ölkələrlə məhdudlaşmır.

“Biz yalnız Macarıstan, Rumıniya və Bolqarıstanla deyil, eyni zamanda Azərbaycandan şərqdə yerləşən regionlarla, xüsusilə Mərkəzi Asiya ölkələri ilə də fəal əməkdaşlıq edirik. Qazaxıstan və Özbəkistan enerji sistemlərinin, ilk növbədə bərpaolunan enerji mənbələri əsasında birləşdirilməsinə dair əzmimizin parlaq nümunəsidir. Bu isə artıq praktikada baş verir”, – deyə o əlavə edib.

Daxili siyasətə də toxunan nazir, “yaşıl” enerjinin inkişafı üçün əlverişli normativ-hüquqi bazanın yaradılması istiqamətində atılan addımları da qeyd edib:

“Bir tərəfdən biz qarşıya qoyduğumuz hədəflərə çatmağa çalışırıq, digər tərəfdən isə bu keçidi daha sürətli və səmərəli etmək üçün konkret siyasət alətlərindən istifadə edirik. Təmiz enerjiyə keçid təkcə istehsal həcmi ilə bağlı məsələ deyil, bu, eyni zamanda istehlakla da bağlıdır. Mənə görə, enerji keçidinin təkcə təklifi deyil, tələbatı da nəzərə alması vacibdir”.

Nazir onu da vurğulayıb ki, Azərbaycan özəl tərəfdaşlarla investisiya risklərinin bölüşülməsinə hazırdır:

“Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə bütün layihələr özəl sektor – əsasən xarici, həmçinin yerli investorlar tərəfindən həyata keçirilir. Dövlət isə – SOCAR timsalında, lazım gəldikdə, layihələrdə azlıq payına sahib tərəfdaş kimi iştirak etməyə hazırdır. Biz öz dollarımızı və ya avromuzu investorla bərabər yatırırıqsa, bu, bizim enerji keçidinə sadiqliyimizin birbaşa siqnalıdır”.

Mikayıl Cabbarov bildirib ki, Azərbaycan üçün təmiz enerjiyə keçid ideoloji deyil, iqtisadi baxımdan məqsədəuyğun bir məsələdir:

“Gəlirlərimizin əhəmiyyətli hissəsi hələ də ənənəvi enerji mənbələrindən formalaşsa da, bizim üçün vacib olan layihələrin iqtisadi əsaslandırmaya malik olmasıdır. Biz səmimi olaraq inanırıq ki, məhz bu yanaşma ölkəmizi investisiyalar üçün cəlbedici edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti