Bakı. Trend:
Pambıq sahələri üzrə son 3 ildə ödədiyimiz sığorta ödənişlərinin həcmi 2,5 milyon manatı ötüb.
Trend xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Bakıda keçirilən sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") üçüncü günü çərçivəsində təşkil olunan 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, hər il Aqrar Sığorta Fondu tərəfindən 25 min hektara yaxın pambıq əkin sahələri sığortalanır:
"Pambıq sahələri üzrə son 3 ildə ödədiyimiz sığorta ödənişlərinin həcmi 2,5 milyon manatı ötüb. Fermerlər tərəfindən toplanan sığorta haqları cəmi 1,5 milyon manat təşkil edib.
Ümumilikdə isə son iki ildə bizim dəymiş zərər üzrə sığorta ödənişlərimizin həcmi 15 milyon manata çatıb. Bu ilin ilk 4 ayında isə ödənişlərimizin həcmi 3 milyon manatı ötüb. Bu tənzimləmələr ötən dövrün zərər ödənişlərini müqabilində baş tutub".
"Düşünürük ki, 2025-ci il ərzində baş vermiş zərərlərə görə ödənişlərimiz ötən illərdəki göstəricini ən azı iki dəfə üstələyəcək", - F.Sadıqov qeyd edib.