Əlcəzair. Trend:
İslam İnkişaf Bankına üzv dövlətlər “yaşıl” iqtisadiyyata keçidə rəhbərlik etmək kimi unikal şansa malikdirlər.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Əlcəzairin peşəkar tədris və təhsil naziri Yasin Əl-Mehdi Valid İslam İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Əlcəzairdə keçirilən 13-cü Gənclərin İnkişaf Forumunda çıxışı zamanı deyib.
“Elmə və təhsilə yatırılan investisiyaların səmərəliliyi Sinqapur kimi bir çox ölkələrdə özünü təsdiqləyib. Ən böyük kapitalımız gənclərimiz və onların potensialıdır”, – deyə nazir vurğulayıb.
O, bu sahədə, xüsusilə də peşə təhsilini əmək bazarının tələbləri ilə əlaqələndirən proqramların dəstəklənməsi vasitəsilə İslam İnkişaf Bankının fəal rolunu qeyd edib. Uğurlu nümunələr sırasında regional səviyyədə İndoneziyada həyata keçirilən rəqəmsal hazırlıq proqramı var ki, bu proqram 150-dən çox iştirakçının rəqəmsal məşğulluq bazarına çıxışına şərait yaradıb. Habelə Özbəkistanda peşə təhsilinə süni intellekt və robototexnikanın tətbiqi ilə bərabər biznes-inkubatorların yaradılması diqqətəlayiqdir.
“Ümid edirik ki, belə əməkdaşlıq formaları Əlcəzairdə də reallaşacaq”, – deyə o əlavə edib.
Nazir, həmçinin, “yaşıl” iş yerləri üzərində dayanmayınca gələcəyin peşələrindən danışmağın mümkünsüzlüyünü qeyd edib:
“Təkcə Afrika 2030-cu ilədək bərpaolunan enerji, dayanıqlı kənd təsərrüfatı və digər sahələrdə 3,6 milyon "yaşıl" iş yeri yarada bilər”.
Onun sözlərinə görə, bankın üzv ölkələri təhsil və kadr hazırlığı sistemlərini ekoloji sektorlara yönəltmək və “yaşıl” insan kapitalına investisiyalar üçün stimullar yaratmaq şərti ilə bu keçidi ön sıralarda aparmaq üçün unikal imkan əldə edirlər.
“Əlcəzair bu gün – Afrikanın bərpaolunan enerjiyə qoyulan investisiyalar üzrə ən qabaqcıl ölkələrindəndir və biz “yaşıl” iqtisadiyyat sahəsində - enerjidən dairəvi iqtisadiyyata qədər - təhsili fəal şəkildə inkişaf etdiririk.