Əlcəzair. Trend:
Dünyanın enerji sistemlərində yeni güclərin 93%-i bərpa olunan enerji mənbələridir ki, bunun da 95%-i günəş və külək enerjisinin payına düşür.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Əlcəzairdə İslam İnkişaf Bankının (İİB) İllik Toplantıları çərçivəsində keçirilən "Həyat və dolanışıq vasitələrinin transformasiyası: nəticələr üçün səfərbərlik" adlı forumda Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Ölkə Əlaqələri və Tərəfdaşlıqlar üzrə direktoru Gürbüz Gönül deyib.
"Keçən il qlobal enerji sistemində bütün yeni gücün 93%-i bərpa olunan enerji mənbələrindən əldə edilib. Bunların 95%-i günəş və külək enerjisi olub", - Gönül qeyd edib.
O əlavə edib ki, belə layihələrin 81%-i qalıq yanacaqlardan daha rəqabətqabiliyyətlidir.
"Əksər hallarda qiymət rəqabətində qalib gələn günəş və külək enerjisidir. Bu, hər il azalan texnoloji xərclərlə bağlıdır", - o izah edib.
Bununla belə, IRENA nümayəndəsinin sözlərinə görə, investisiya mühiti və layihələrin və ölkələrin çəkdiyi risklərlə bağlı xərclərdə fərqlər var.
"Texnoloji nöqteyi-nəzərdən bərpa olunan enerji mənbələri artıq risk deyil. Lakin investorlar və maliyyə institutları tərəfindən risklərin qəbulu fərqli ola bilər. Bu, layihələrin nə dərəcədə maliyyələşdiyinə və həyata keçirilməsinə təsir edir", - o qeyd edib.
Gönül vurğulayıb ki, bu gün bərpa olunan enerji sektoruna investisiyaların böyük hissəsi özəl sektordan gəlir.
"Yüksək risk qavrayışı layihənin ləğvinə və ya daha yüksək maliyyə xərclərinə gətirib çıxarır. Nəticədə kasıb ölkələr enerjiyə zəngin ölkələrindən daha çox pul ödəyirlər", - o bildirib.
G.Gönül enerjinin mövcudluğu və maya dəyərini elektrik enerjisindən səmərəli istifadə ilə əlaqələndirib.
“Biz təkcə elektrikləşdirmə haqqında deyil, yeni səviyyəyə - enerjidən səmərəli istifadəyə keçmək haqqında danışmalıyıq”, - o izah edib.
Gürbüz Gönül, eyni zamanda, risklərin azaldılması və əlçatan maliyyə mexanizmlərinin yaradılmasının vacibliyinə diqqət çəkib:
"Bir çox tərəfdaşlar bu sahədə işləyirlər, lakin onların hərəkətləri hələ də əsaslı dəyişikliklərə səbəb olmayıb. Biz riskləri azaltmağa və maliyyə alətlərinin hər kəs üçün əlçatan olmasına kömək edəcək təşəbbüslər hazırlamağa çalışırıq. Axı bir çox layihələr və mini şəbəkələr uğursuzluğa düçar olur, çünki elektrik enerjisi istehlakçılar üçün çox bahadır".