Bakı. Trend:
Ötən il fiziki şəxslərdən gəlir vergisi üzrə 1,810 milyard manat proqnoza qarşı icra 1,839 milyard manat və ya 29,2 milyon manat (1,6%), 2023-cü illə müqayisədə isə 179,6 milyon manat və ya 10,8% çox olub.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.
Məlumata görə, ötən ildə fiziki şəxslərin gəlir vergisinin 2023-cü illə müqayisədə artımla icrasına səbəb orta aylıq nominal əməkhaqqının 8,1% artaraq 1 009,2 manat təşkil etməsi, habelə əməkhaqqı fondunun 2,252 milyard manat və ya 10,8% artması ilə əlaqədardır.
Bununla yanaşı, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 6,762 milyard manat proqnoza qarşı icra 6,787 milyard manat və ya 24,3 milyon manat (0,4%) çox olub. Bu tədiyə növü üzrə daxil olan vəsaitin 51%-i və ya 3,464 milyard manatı qeyri-neft sektorunun, 49%-i və ya 3,323 milyard manatı neft sektorunun payına düşüb.
Qeyd edilib ki, qeyri-neft sektorundan mənfəət vergisi üzrə daxilolma 3,464 milyon manat təşkil edib ki, bu da 3,715 milyard manat proqnoza nisbətən 251,2 milyon manat və ya 6,8% az, 2023-cü illə müqayisədə isə 390,5 milyon manat və ya 12,7% çoxdur.