Bakı. Trend:
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda əmlak sığortası üzrə sığorta şirkətlərinin yığımları 107 milyon manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 9,1 milyon manat və ya 9,3% çoxdur.
Eyni zamanda hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin həcmi 20,2 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-iyun aylarındakı göstərici ilə müqayisədə 4 milyon manat və ya 24,6% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 817,048 milyon manat sığorta haqqı yığılıb.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 91,9 milyon manat və ya 12,7% çoxdur.
Eyni zamanda 2025-ci ilin ilk 6 ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 432,198 milyon manat sığorta ödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 76,1 milyon manat və ya 21,4% artım deməkdir.