Bakı. Trend:
Cari ilin iyunun sonuna Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 496, şöbələrinin sayı 86, ATM-lərin sayı 3 min 355 olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, hesabat ayında bank sektorunda çalışanların sayı 0,4% və ya 106 nəfər artaraq, 26 min 71 nəfər təşkil edib.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 56,734 milyard manat, cəmi öhdəlikləri 49,788 milyard manat, balans kapitalı 6,946 milyard manat olub. İyun ayında bankların cəmi aktivləri 0,3%, cəmi öhdəlikləri 0,2%, balans kapitalı isə 1,3% artıb.
Hesabat ayında bankların kredit portfeli 0,3% və ya 85,6 milyon manat artaraq 28,472 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditləri 53,2% (15,144 milyard manat), istehlak kreditləri 31,3% (8,898 milyard manat) və ipoteka kreditləri 15,5% (4,430 milyard manat) yer tutub.
Bankların öhdəliklərinin strukturunda depozit portfeli cəmi öhdəliklərin 75%-ni və ya 37,353 milyard manat təşkil edir. Depozit portfelinin 59,7%-i (22,293 milyard manat) hüquqi şəxslərin, 40,3%-i (15,061 milyard manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 67%-i (10,096 milyard manat) milli valyutada, 33%-i (4,965 milyard manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 62,5%-i (9,408 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyun ayında 2,3% və ya 209.6 milyon manat, tələbli əmanətləri isə 2,1% və ya 116,9 milyon manat artıb.
2025-ci ilin iyun ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1,9% (3 min 112 əmanətçi), ilin əvvəlindən isə 11,7% (17 min 654 əmanətçi) artıb.
Hüquqi şəxslərin tələbli depozitləri 17,048 milyard manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76,5%-ni təşkil edib.
2025-ci ilin yanvar-iyun aylarında banklar 576,6 milyon manat xalis mənfəət, 881 milyon manat məbləğində əməliyyat mənfəəti əldə edib. Cari ilin 6 ayında banklar tərəfindən ümumilikdə 134,1 milyon manat məbləğində mənfəət vergisi ödənilib.