...

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşlarının həcmi artıb

İqtisadiyyat Materials 25 İyul 2025 12:41 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşlarının həcmi artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 726 min manat və ya 6,5% artaraq, 11,814 milyon manata bərabər olub.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 17,55% təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 11,117 milyon manatı milli valyutada, 697 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Eyni zamanda, cari ilin iyulun 1-nə Qarabağ iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi 500,026 milyon manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 4,072 milyon manat və ya 0,8%, ötən ilin eyni dövrünə nisbətən isə 52,812 milyon manat və ya 11,8% çoxdur.

Məlumata əsasən, hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,58%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 498,761 milyon manatı milli valyutada, 1,265 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Qeyd edək ki, 2025-ci ilin iyulun 1-nə Azərbaycanın cəmi regionları üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 86 milyon manat və ya 0,3% azalıb, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 3,043 milyard manat və ya 12% artaraq, 28,472 milyard manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti