...

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 28%-dən çox artıb

İqtisadiyyat Materials 19 Sentyabr 2025 15:30 (UTC +04:00)
Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 28%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 2,9 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 650,2 milyon ABŞ dolları və ya 28,4% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,16%-i həcmində olub. Bununla da Çin hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında dördüncü pillədə qərarlaşıb.

Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Çinə 60,1 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,8 milyon ABŞ dolları və ya 4,5 dəfə çoxdur.

Eyni zamanda, hesabat dövründə Çindən Azərbaycana təqribən 2,9 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 603,4 milyon ABŞ dolları və ya 26,5% artım deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 32,118 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,123 milyard ABŞ dolları və ya 3,6% çoxdur.

Xarici ticarət dövriyyəsinin 17,065 milyard ABŞ dolları ixracın, 15,053 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,166 milyard ABŞ dolları və ya 6,4% azalıb, idxal isə 2,290 milyard ABŞ dolları və ya 17,9% artıb.

Son nəticədə xarici ticarətdə 2,013 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,455 milyard ABŞ dolları və ya 2,7 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti