Bakı. Trend:
Dünya Bankı bərpa olunan enerjinin inkişafı və iqlim təşəbbüslərinin həyata keçirilməsi sahəsində Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edir.
Bunu Trend-ə verdiyi müsahibədə Dünya Bankının Azərbaycan üzrə meneceri Stefani Stallmeyster Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində deyib.
“Biz Energetika Nazirliyinə bərpa olunan enerji mənbələrinin inkişafı üçün əhəmiyyətli texniki yardım, həmçinin Azərbaycanın enerji şəbəkəsinin möhkəmləndirilməsi və bərpa olunan enerjinin inteqrasiyası məqsədilə maliyyə dəstəyi göstəririk. Bu mühüm gündəlik üzrə hökumətlə əməkdaşlıq etmək imkanına sahib olduğumuzla qürur duyuruq”, - deyə S. Stallmeyter qeyd edib.
Dünya Bankının nümayəndəsinin sözlərinə əsasən, Azərbaycanla əməkdaşlığın 30 ildən artıq müddətində Bank müxtəlif layihələrə milyardlarla dollar sərmayə yatırıb. Hazırkı təşəbbüslər arasında şəhər layihəsinin inkişafı, ASRA ilə su itkilərinin azaldılması üzərində iş, eləcə də Kənd Təsərrüfatı Nazirliyinə suvarma sistemlərinin modernləşdirilməsi və iqlimə-dayanıqlı kənd təsərrüfatı metodlarının tətbiqində dəstək göstərilməsi yer alır.
“Azərbaycan hökuməti ilə tərəfdaşlıqdan çox məmnunuq və bununla qürur duyuruq”, -deyə S.Stallmeyter əlavə edib.